Şəmkir rayonunda 1972-ci il təvəllüdlü Arzu şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Səmayəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 4-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində baş verib.
Arzu yaşadığı evin qarşısında qonşusu Səmayəni münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan şüşə stəkanla vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Arzunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arzu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Səmayə onun qonşusudur və normal münasibətləri yoxdur:
“Martın 4-də, saat 21 radələrində yaşadığım evdə olarkən oğlum Əlinin və Səmayənin səsini eşitdim. Çölə çıxdıqda onların mübahisə etməsini və Səmayənin mənim mərhum ərimin yas yerindən yemək aparmağına narazılıq etdiyimə görə ünvanıma nalayiq ifadələr işlətməsini gördüm. Həmin vaxt Səmayəyə iradımı bildirdim və söyüş söyməməsini dedim”.
Təqsirləndirilən şəxs qeyd eib ki, bu zaman Səmayə onun rəhmətə getmiş qohumlarının və mərhum ərinin ünvanına söyüşlər etməyə davam edib:
“Mən də əsəbiləşərək əlimdə olan şüşə stəkanı Səmayənin başına tərəf atdım. Stəkan onun başına dəyərək sındı. Bununla belə hadisədən sonra Səmayəyə dəymiş ziyanı ödəmişəm və onunla barışmışam”.
İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, Arzu guya onun mərhum ərinin yas yerindən yemək aparması barədə məlumatlar yayıb:
“Martın 4-də, saat 21 radələrində yaşadığım evdən çölə çıxdıqda Arzunun oğlu Əlini gördüm. Ona anasının yalan məlumat yayması barədə iradımı bildirdim. Bu zaman Arzu evdən çıxaraq əlində olan şüşə stəkanı anidən başıma tərəf atdı. Mən xəsarət aldım. Sonradan baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim. Hadisədən sonra Arzu məndən üzr istədi. Mən də onu bağışlayaraq barışdım”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Arzunun barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


