“Ümumölkə radio kanallarının ölkə üzrə yayımının təmin olunması məsələsində böyük problemlər yaşanırdı. Audiovizual Şuranın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində verilmiş təkliflər əsasında və ölkə başçısının sərəncamına uyğun olaraq bu məsələyə xüsusi diqqət ayrıldı”.
Demokrat.az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxış edərkən deyib. O bildirib ki, hazırda bu layihə icra mərhələsindədir və ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır:
“Bu layihə bitəndən sonra 16 ümumölkə radio kanalının demək olar ki, ölkə üzrə 98 faiz əlçatanlığı təmin olunacaq. Ən böyük problemlərdən biri bu idi ki, Bakıdan kənara çıxdıqda bəzi radio kanallarını dinləmək mümkün olmurdu. Bundan əlavə, qonşu ölkələrin radio kanalları bizim efir məkanına çox təsir edirdi. Məsələn, cənub bölgələrində İranın radio kanalları eşidilir. Bunun qarşısı demək olar ki, alınacaq, lakin bunu tamamilə aradan qaldırmaq mümkün deyil. Bu da normaldır. Çünki qonşu ölkələrdə radio və televiziya kanallarının digər ölkələrə nüfuz etməsi 200 kilometrədək normal hesab olunur”.
Törə Zeynallı Demokrat.az


