“Azərbaycan mina ilə çirklənmiş dövlətlər arasında ilk sıralardadır. Ölkəmiz mina problemləri ilə üz-üzədir. Buna görə də dünyanın böyük dövlətləri və beynəlxalq təşkilatlardan ciddi dəstək verilməsini gözləyirik, təəssüf ki, bu dəstəyi görmürük".
Bunu Demokrat.az-a açıqlamasında “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu deyib. O qeyd edib ki, Azərbaycanın mina problemi daim dünya ictimaiyyətinin diqqətinə çatdırılır:
"Mina problemi ilə bağlı konfranslar, tədbirlər keçirilir. Belə olduğu halda məsələyə daha ciddi yanaşma sərgilənir. Bu platformalardan müxtəlif çağırışlar edilir. 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında çox maraqlı çıxışlar oldu. Bütün hallarda Azərbaycanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çox əhəmiyyətlidir. Bu torpaqları təmizləmək üçün illər lazımdır, bunun üçün də böyük vəsait. Ona görə də səsimizi dünyaya konfrans vasitəsilə çatdırırıq”.
Qeyd edək ki, mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı işə başlayıb. Konfrans işini mayın 31-də Bakıda davam etdirib.
Törə Zeynallı Demokrat.az


