Gündəm Özəl

“Kolleclər universitetlərə birləşdirilməlidir” — TƏKLİF

“Kolleclər universitetlərə birləşdirilməlidir” — TƏKLİF

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Ceyhun Məmmədov komitənin iclasında deyib ki, son vaxtlar kolleclərdə tələbələrə süni surətdə yüksək qiymət yazılması faktları müşahidə olunur.

Deputat xatırladıb ki, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində iştirak edirlər. Ceyhun Məmmədov bununla bağlı artıq sui-istifadə hallarının olduğunu dilə gətirib: “Kolleclər özləri üçün müəyyən sistem formalaşdırıb. Yüksək qiymət yazmaqla tələbələrin ali təhsil müəssisəsinə qəbul olmaları üçün şərait yaradırlar. Universitetlərin də bu məsələ ilə bağlı narazılığı var. Universitet üçün hər bir tələbə təhsil haqqı ödəyir. Amma kollec məzunlarının gələcək taleyi problemlər yaradır. Ona görə bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır”.

Məsələyə təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında münasibət bildirib.

O qeyd edib ki, subbakalavrlarda təhsil alanların qiymətlərinin hansı səviyyədə olmasından aslı olmayaraq, nəticələr 200 balla qiymətləndirilir:

“Hazırda kolleclərdə kifayət qədər neqativ hallar var. İllərdir təklif edirik ki, kolleclər ləğv edilib ali təhsil müəssisələrinə birləşdirilsin. Ali təhsil 3 yox, 4 səviyyədən ibarət olsun. Həmçinin ali məktəbə qəbul şərtləri yüngülləşdirilsin. Ali məktəbin 1 və 2-ci kursunu bitirən şəxslər təhsillərini öz istədikləri kimi davam etdirsinlər. Bu, beynəlxalq təcrübədə də belədir. Ölkədə 51 kollecdə 55 min tələbə oxuyur. Kolleclərdə tədrisin səviyyəsi də çox aşağıdır. Kolleclərin saxlanması və bunun üçün əlavə maliyyə xərclərinin ayrılması doğru deyil. Ona görə kolleclər ümumiyyətlə ali məktəblərə birləşdirilməlidir. Bu da ali məktəbdə ayrıca struktur kimi olmamalıdır. Ali təhsilin 1-2-ci kursu subbakalavr, 3-4-cü kursu bakalavr, 5-6-cı kursu da magistratura olmaldır. Təbii ki, hər bir səviyyədən digər səviyyəyə keçid zamanı dövlət imtahanı verilməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova