Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsini genişləndirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşüb.
Görüşdə iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, Azərbaycanla Türkiyə arasında digər istiqamətlərdə olduğu kimi, din sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub və hər iki tərəf bu əlaqələrin dərinləşdirilməsində, dini məsələlərin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.
Bununla bağlı millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Türkiyə böyük dövlətdir və uzun illər həm də xilafətin mərkəzi olub:
“Yəni İslam dini ilə bağlı mühüm tədbirlərə rəhbərlik edib. Bu, təqribən 1922-ci ilə qədər davam edib. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulandan sonra dünyəvi bir dövlət oldu. Ona görə Türkiyə dövləti din siyasətini uğurla həyata keçirdi və bu sahədə böyük təcrübəsi var".
Deputat vurğulayıb ki, Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:
"Sovet dönəmində İslam dini qadağan idi, islami dəyərlərdən istifadə etmək imkanı verilmirdi. Amma Azərbaycan yenidən öz dövlət müstəqilini bərpa etdikdən sonra, təbii ki, hər bir azərbaycanlıya dini etiqad azadığı verildi. O cümlədən, Azərbaycanda kifayət qədər məscidlər bərpa olunub açıldı. Bu işdə də birinci xanım Mehriban Əliyevanın müstəsna xidmətləri vardır.
Azərbaycan 33 il ərzində kifayət qədər uğurlar qazanıb. Amma din sahəsində təcrübənin genişləndirilməsinə ehtiyac var. Bu mənada da Türkiyənin təcrübəsindən istifadə etmək mümkündür və istifadə etməliyik. Bu səfər olduqca müsbət nəticələnəcək fikrimcə. İki qardaş, dost dövlət bütün sahələrdə bir-birinin yanındadır, o cümlədən də din-dövlət münasibətlərinin tənzimlənməsində və inkişafında. Düşünürəm ki, bu istiqamətdə də uğurlu işlər görüləcək”.
Törə Zeynallı Demokrat.az


