Ötən gündən Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,3 dəfə artıqdır.
Ekoloq Ənvər Əliyev tozlu havaya səbəb olan amilləri Demokrat.az-a açıqlamasında qeyd edib:

“Tozlu havaya səbəb olan mövsümlə əlaqədar küləkli vaxtlarda hava kütlələrinin gətirdiyi tozlu hissəciklərdir. Olduqca kiçik, nizamsız hərəkət edən hissəciklərdir, buna elmdə “Broun hərəkəti” deyilir. Bu hissəciklər hava axını nəticəsində atmosferin yüksək təbəqələrinə nüfuz edə bilirlər. Tozlu hava, əsasən, Orta Asiya səhralarından və Ərəbistan yarımadasından Azərbaycan ərazisinə daxil olur. Tozlu hava insana ziyandır. Bu xırda hissəciklər insanın özündən asılı olmadan gözün torlu qişasına təsir edir, gözləri qıcıqlandırır. Bakı şəhəri və Abşeron yarımadası üçün tozlu havalar xarakterikdir”.
Törə Zeynallı Demokrat.az


