Türk dövlətləri Orta Dəhliz boyu gömrük prosedurlarını sadələşdirir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutan sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin ratifikasiyasını başa çatdırıblar.Sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca xarici ticarət fəaliyyətinin sadələşdirilməsini nəzərdə tutur.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, sadələşdirilmiş gömrük sazişinin böyük əhəmiyyəti var:
“Bu zaman malları həmin ölkələrin sərhədlərindən keçirdikdə proses sürətli şəkildə vahid informasiya sistemi əsasında aparılacaq. Həmçinin malları vahid ödənişlərlə sərhəddə ləngimədən minimal tənzimləmələrlə ölkələrin sərhədindən keçirmək mümkün olacaq. Yəni, bu, vahid iqtisadi məkan deyil, amma eyni zamanda da mümkün qədər sadələşdirilib. Əsas odur ki, hər bir ölkə əlavə rüsum tətbiq edərək işi çətinləşdirməsin, qiyməti bahalaşdırmasın. Burada məqsəd tranzit yük daşımalarının həcmini artırmaqdır. Bununla Avropaya gedən və ya Avropadan gələn yüklərin sürətli şəkildə əlavə xərclər olmadan hərəkətini təmin etmək mümkün olacaq. Əsas məqsəd orta dəhlizin effektivliyini artırmaqdır. Biri var ki, hər gömrükdə bir neçə gün problemlərlə qarşılaşılsın, biri də var ki, çox rahat keçilsin. Onsuz da şərqlə qərb okean üzərindən ticarətini edir. Okeanda da sərhədlər yoxdur. Ona görə də ölkələr çalışır ki, mövcud problemləri aradan qaldırsınlar”.
Törə Zeynallı Demokrat.az


