Sosial Özəl

Çiyələyin məhsuldarlığı azalıb — Bəs, qiyməti?

Çiyələyin məhsuldarlığı azalıb — Bəs, qiyməti?

Yağışlı hava çiyələk yığımına da təsirsiz ötüşməyib. Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitinə görə Cəlilabad rayonunda açıq sahələrdə yetişən çiyələk çürüməyə başlayıb. Nəticədə məhsuldarlıq 20 faizə yaxın aşağı düşüb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, açıq sahədə yetişən çiyələklərin yağışlı havada üstü örtülür.

Onun sözlərinə görə, yağıntılar çox olanda açıq sahədə çiyələk yığmaq mümkün deyil:

“Yetişmiş çiyələklərə yağış suyu dəyəndə artıq xarab olur. Bəzənsə bir çiyələk kolunda həm yetişmiş çiyələk olur, həm də çiçəkli. Yağış çiyələk çiçəklərinin tozlanmasının qarşısını alır. Bu səbəbdən indi çəyələklərin qiyməti ən az bir manat bahalaşıb. Artıq bu bahalaşma özünü göstərir. Yəni, yağış bazara hazır məhsulun çıxmasına mane olur, bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır.

Bir həftə əvvəl 2 manat 50 qəpiyə alınan çiyələk bu gün 3 manat 50 qəpikdir. Amma bu, qısamüddətli prosesdir. Havalar yavaş-yavaş düzəlir, yağışlı havanı isti hava şəraiti əvəzləyir. Yağışın səbəb olduğu problemlər bir neçə günə aradan qalxacaq.

Amma məsələ burasındadır ki, uzun müddət yağış yağanda nəmişlik torpağın dərinliklərinə qədər hopur. Bu da gün çıxanda torpaqda müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər. Ona görə də fermerlər diqqətli olmalıdırlar. Bütün sahələrdə, əsasən də açıq sahələrdə torpaqda gedən proseslərə diqqət edilməlidir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az