“Son sosial islahatlar paketi 5 milyard həcmində olmaqla, 4 milyon insanı əhatə edir”
Demokrat.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib.
S. Yusifova qeyd edib ki, aparılan tədqiqatların nəticələri dövlət üçün nə dərəcədə önəmlidirsə, vətəndaş və cəmiyyət üçün bir o qədər faydalı və informativ olmalıdır.
"İnsanlar da öz növbəsində atılan addımlara responsiv yanaşmalıdır, vətəndaş mövqeyini aktiv şəkildə ifadə etməlidir, müsbət transformasiyaların iştirakçısına çevrilməlidir, sosial məsuliyyətini dərk etməlidir. Bu baxımdan kommunikasiya qarşılıqlı olmalıdır. Dövlət vətəndaşının yanında olduğu qədər, vətəndaş da dövlətinin yanında olmalıdır. Bu islahatların, dəyişəklilərin həyata keçirilməsində öz müsbət təşəbbüsləri ilə yaxından iştirak etməlidirlər".
PA-nın şöbə müdirinin sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzi vətəndaş cəmiyyəti institutları ilə, digər araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq etməli, hesabatların hazırlanmasında etibarlı mənbə kimi çıxış etməlidir.


