Gündəm Özəl

15 yaşlı uşaq bu hallarda işləyə bilər ki... — AÇIQLAMA

15 yaşlı uşaq bu hallarda işləyə bilər ki... — AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi keçirilib. Deputat Naqif Həmzəyev deyib ki, Bakıda son zamanlar çox sayda yeni yaradılan “coffeshop”larda 14-15 yaşlı uşaqlar çalışır: “Əksər “cofeeshop”larda vəziyyət eynidir. Hətta sahibkara yaxınlaşıb bunun səbəbini soruşanda həmin uşaqların valideynlərinin olmadığını və yardım üçün bunu etdiyini dedi. Bu məsələlərin həlli yolları tapılmalıdır”. Deputat onu da qeyd edib ki, Bakıda kütləvi yerlərdə uşaqların əli ilə lotereyaların satışı da təşkil edilir: “Bu da yaxşı hal deyil. Bir tərəfdən problemlərin həll olunduğunu görsək də, digər tərəfdən başqa məsələlər ortaya çıxır”.

Sosioloq Lalə Mehralı mövzuya münasibət bildirərək deyib ki, qanunvericiliyə əsasən 15 yaşlı uşağın işləmək hüququ yaranır:

“Sahibkar yalnız uşağın valideyninin və qəyyumunun rəsmi icazəsi ilə uşağı işə götürə bilər. Bu məsələ qanun çərçivəsində təyin edilmiş şərtlər və iş rejimi ilə tənzimlənir. Əgər həmin uşaqlar kimsəsizdirsə, valideynləri yoxdursa, qəyyumları var. Çox güman ki, rəsmi formada kiminsə himayəsi altındadırlar. İcazəni də qəyyum verir. İşəgötürənlər bunu bildikləri üçün bu yükün altına girmir, çünki bu, uşağın istismarı deməkdir. Bəzən bilmədən azyaşlıları işə götürürlər, daha sonra şikayət daxil olur, anlayırlar ki, qanunvericilik buna icazə vermir. Düşünürəm ki, 15 yaşlı uşağın işləmək dərslərinə mane olmursa, fiziki imkanlarını aşmırsa, işləmək onun ziyanına deyil. Uşaq yaşına uyğun işlərdə işləsə, həm öz xərclərini özü qarşılamış olar, həm ailə büdcəsinə köməyi dəyər, həm də erkən yaşlardan peşə vərdişləri qazanar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova