İqtisadiyyat Özəl

"Türkmənistan qazının çatdırılması üçün əlavə infrastrukturun yaradılmasına ehtiyac var"

Türkmənistan qazının çatdırılması üçün əlavə infrastrukturun yaradılmasına ehtiyac var

Türkmənistan qazı Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə tədarük ediləcək. Bakı və Ankara arasında təbii qaz sahəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə saziş imzalanıb. Qeyd olunub ki, Bakı və Ankara təkcə öz təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmir, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verir. 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqli planlaşdırılır.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, Türkmənistan qazının Türkiyəyə ötürülməsi bilavasitə həm İran üzərindən, eyni zamanda Azərbaycan və Gürcüstan üzərindən, eləcə də Xəzər dənizi vasitəsilə mümkündür:

“Düşünürəm ki, hazırkı infrastruktur kifayət qədər həcmlərin Türkiyəyə çatdırılması üçün yetərli deyil. Azərbaycanın qaz hasilatı həcmləri və ehtiyatlarını nəzərə alsaq, deyə bilərik ki, hazırda boru kəmərləri Azərbaycan qazını Türkiyəyə çatdıra bilir. Türkmənistan qazının çatdırılması üçün əlavə infrastrukturun yaradılmasına və genişləndirilməsinə ehtiyac var. 2027-ci ilə qədər Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını 20 milyard kubmetrə qədər artıracaq. Düşünürəm ki, perspektivdə Türkmənistan qazı Azərbaycan üzərindən keçməklə Türkiyəyə çatdırıla bilər. İşğaldan azad edilmiş ərazilərdə yeni bir kəmərin inşası da praktiki olaraq mümkündür. Orta Asiyanın enerji ehtiyatlarının Avropaya nəqli üçün ən yaxşı marşrut Transxəzər layihəsidir, hansı ki, Azərbaycandan keçir. Əgər Ermənistanla sülh sazişi bağlanarsa, şübhəsiz ki, bu yaxın zamanlarda reallaşacaq – hesab edirəm ki, bundan sonra yeni layihələrin icrasını görəcəyik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova