Gündəm Özəl

"Neft-qaz sənayesində peşə sahiblərinə ciddi ehtiyac var" — AÇIQLAMA

Neft-qaz sənayesində peşə sahiblərinə ciddi ehtiyac var — AÇIQLAMA

Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində İsveçrə ilə ikili diplom proqramından istifadəyə başlanılır. Bu əməkdaşlıq çərçivəsində informasiya texnologiyaları, strateji menecment, logistika və digər sahələr üzrə tələbələrin İsveçrənin təhsilini alması və ikili diplom proqramından faydalanması nəzərdə tutulur. Proqramdan Peşə Təhsil Mərkəzinə 9 illik təhsil bazasından qəbul olan tələbələr faydalana bilərlər.

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda peşə təhsilinə maraq son illərdə artmaqdadır:

“Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, insanlar bəzən ali təhsil diplomu ilə iş tapa bilmirlər, amma peşə təhsili ilə daha yüksək maaşlı iş tapırlar. Belə olduğu halda peşə təhsilinə maraq artır. İkinci bir istiqamət odur ki, son illərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin xətti ilə Koreya, Türkiyə və başqa bir neçə ölkənin dəstəyi ilə birgə müasir peşə təhsili mərkəzləri açılır. Bu mərkəzlər yüksək maddi-texniki baza ilə təchiz olunur. Son dövrün texnologiyası və populyar peşələr öyrədilir. Məzunlar yüksək səviyyədə təhsil və təcrübə imkanı ilə rahatlıqla iş tapa bilirlər. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün dünyanın müasir peşə təhsili standartları tətbiq olunur.

Azərbaycanda iqtisadiyyat inkişaf edir, müxtəlif sektorlar xarici, yerli investisiyaları artırır. Dünyanın müxtəlif ölkələrinə məhsul satmağa başlayır və burada orta ixtisaslı işçilərə ciddi ehtiyac yaranır. İşğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işlərində də peşələrə tələb artır. Peşələrə artan tələbi qarşılamaq üçün bu istiqamətdə işlər görülür. Daha müasir və istiqamətli təhsil verilir. Hazırda elə peşələr var ki, onlara tələbat çoxdur. Neft-qaz sənayesində və digər sahələrdə müəyyən peşə sahiblərinə ciddi ehtiyac var. Azərbaycanda peşə təhsili üzrə İsveçrə ilə ikili diplom proqramının tətbiqi təqdirəlayiq hadisədir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova