Köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. İstismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsiri qiymətləndiriləcək, onlardan istifadənin və dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Bu məsələ biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, köhnəlmiş nəqliyyat vasitələrinin istismarı ilə bağlı ciddi problemlər yaşanmaqdadır: 
“Bunlar, əsasən, ekoloji problemlərdir. Bu nəqliyyat vasitələrinin yanacaq sistemləri könhəldiyi üçün yanacağı yaxşı yandıra bilmir. Bu da zərərli qazların daha çox əmələ gəlməsinə səbəb olur və iri şəhərlərdə havanın keyfiyyətini pisləşdirir. Bu avtomobillərdən atmosferə kükürd qazı, karbon dioksid və karbon monoksid, azot oksidləri, uçucu-üzvi birləşmələr və digər zərərli qazlar, hətta ağır metallar, bərk maddələr yayılır. Bu da insan sağlamlığı üçün zərərlidir. Uzun müddət istifadə olunan maşınlar həmişə ekoloji problemlərə yol açır. Avtomobillər hər il texniki baxışdan keçir. Texniki baxışdan keçən avtomobil həm də ekoloji baxışdan keçməlidir. Avtomobil texniki baxışdan keçibsə, deməli texniki parametrləri yaxşıdır. Elədirsə, niyə istifadəsi məhdudlaşdırılır? Maraqlı sualdır. Təklif edirəm ki, texniki baxışa həm də ekoloji standartların yoxlanılması əlavə edilsin”.
Törə Zeynallı Demokrat.az


