Kriminal Özəl

Siyəzəndə sərxoş kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Siyəzəndə sərxoş kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Siyəzən rayonunda 1972-ci il təvəllüdlü Tahir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Turanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 29-da Siyəzən şəhərinin H. Talıbov küçəsində baş verib. Tahir yaşadıqları nömrəsiz fərdi yaşayış evində arvadı Turanə ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı onun üzərinə gedib, sağ əli ilə onun baş nahiyəsinə yumruqla zərbə vurub.

Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 29-da, saat 19.00-da evə gəlib, arvadı Turanə ilə ailə məişət zəminində aralarında münaqişə yaranıb: “Həmin vaxt spirtli içki qəbul etdiyimdən Turanəni vurmuşam. Buna baxmayaraq, Turanəni necə və hansı formada vurmamı xatırlamıram”.

İş üzrə zərərçəkmiş Turanənin sözlərinə görə, aprelin 29-da, saat 19.00-da evin həyətində iş görərkən əri Tahir evə əsəbi gəlib: “Tahir başımdan yumruqla vuraraq saçlarımı yoldu. Hadisə təxminən 10 dəqiqə davam etdi. Bundan sonra qonşuya getdim. Oradan Siyəzən Rayon Polis Şöbəsinə döyülməm barədə məlumat verdim”.

Bu cinayət işinə Siyəzən Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tahirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova