Cop29 Özəl

"Ölkəmizdə keçirilən hər bir tədbir yeni uğur deməkdir" — Deputat

Ölkəmizdə keçirilən hər bir tədbir yeni uğur deməkdir — Deputat

“COP29 beynəlxalq əhəmiyyətə malik olan bir tədbirdir. Dünyanın diqqət mərkəzində olan tədbirə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun, hörmətin, etimadın göstəricisidir”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Demokrat.az-a açıqlamasında deyib.

O qeyd edib ki, ilk gündən ölkənin bütün müvafiq orqanları tədbirin uğurla keçməsi üçün bütün qüvvələrini səfərbər edib.

“Mötəbər tədbirin Azərbaycanda yüksək səviyyədə keçəcəyinə şübhə yoxdur. Çünki bundan əvvəl Bakı bir çox yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edib və uğurlu nəticələr əldə edib. COP29-un Azərbaycana gətirəcəyi faydalar ilk gündən geniş təbliğ olunmalıdır. Bu, çox vacibdir. Həm dünya ictimaiyyəti, həm də Azərbaycan cəmiyyəti bu barədə geniş məlumata malikdir. İlk gündən tədbirin keçirməsi ilə əlaqədər istər televiziya vasitələrində, istər mətbuatda, istər sosial şəbəkələrdə çox geniş təbliğat və təşviqat işlərinə başlanılıb. Tədbirin əhəmiyyəti barədə əhaliyə geniş məlumat verilib".

Deputat bildirib ki, bu gün dünyada baş verən iqlim dəyişiklikləri, müharibələr, təbii fəlakətlər insanları ciddi problemlərlə üz-üzə qoyur:

" Nəzərə almaq lazımdır ki, bu gün dünyada 800 milyondan çox insan acılıq çəkir, 1 milyard 600 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir. İqlim dəyişiklikləri, ərzaq çatışmazlığı dövlətləri, bir çox ölkələri ciddi sınaqlarla üz-üzə qoyur. Sözsüz ki, bu problemlərin həll yolunu tapmaq lazımdır. Bunun üçün əsaslı tədbirlər görmək şərtdir".

Millət vəkili əlavə edib ki, Azərbaycanda yaşıl enerjiyə keçid, alternativ enerji resurslarının artırılması son illər diqqət mərkəzindədir və ölkə rəhbərinin tapşırıqları əsasında bu istiqamətdə çox mühüm işlər görülür:

Milyonlarla ağacların əkilməsi, yeni su anbarlarının yaradılması, çaylarda suyun artırılması, su hövzələrinin qurulması, təmizlənməsi, ərzaq təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi, insanların sağlamlığının qorunması üçün dövlət proqramlarının, layihələrin həyata keçilməsi göstərir ki, Azərbaycan ilk gündən bu məsələyə diqqətlə yanaşıb. dünyanın ən möhtəbər təşkilatları, siyasi dairələri COP29-un Bakıda keçirilməsinə böyük əhəmiyyət verir və uğurla nəticələnəcəyinə inanır. Azərbaycan xalqı da buna inanır. Ölkəmizdə keçilən hər bir tədbir yeni bir uğur, yeni bir göstərici deməkdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova