Gündəm Özəl

“İranın Ermənistana yeni silahlar verməsinə dair ehtimallarımız var” — Hərbi ekspert

“İranın Ermənistana yeni silahlar verməsinə dair ehtimallarımız var” — Hərbi ekspert

“İranın Ermənistanı silahlandırması yeni fakt deyil. İran 30 ildir başqasının torpağını işğal altında saxlayan Ermənistanla həm işğal dövründə, həm də indi geniş əlaqələr qurub. Ermənistan ordusunun nümayəndələri İranda təlimlərə belə cəlb olunublar”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, İran Ermənistana həm öz istehsalı olan silahlar verir, həm də Hindistan və digər ölkələrin istehsalı olan silahların ötürülməsinə şərait yaradır:

“Bir sözlə, adı İslam Respublikası olan İran böyük yanlışlıqlara yol verir. Bu xəbələrin rəsmi Tehran tərəfindən təsdiq və ya təkzib olunmaması da burada doğruluq payının olduğu mənasına gəlir.

Daha əvvəllər İran PUA-larının Ermənistana verilməsilə bağlı məhdud sayda məlumatlara malik idik. Sonradan isə tank əleyhinə idarəolunan raket kompleksləri verildi. Sonuncu dəfə isə 3 nəqliyyat təyyarəsinin Tehrandan İrəvana uçmasına dair xəbərlərdən sonra yeni silahların daşınmasına dair ehtimallarımız böyükdür. Son partiyanın tərkibi barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla bu, tank əleyhinə vasitələr və bunun üçün lazım olan silah-sursatdır”.

Qeyd edək ki, İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə təsdiq, nə də təkzib edir.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova