Avtomobillərin dövlət nömrə nişanlarının itirilməsi və ya oğurlanması hallarıyla zaman-zaman qarşılaşırıq. Elə bir neçə gün bundan öncə Vətən müharibəsi iştirakçısı Camal Alxasov avtomobilinin dövlət qeydiyyat nişanlarından birini itirdiyini və tapılmasına kömək edilməsiylə bağlı video paylaşmışdı.
Avtosfer.az xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda tapılmazsa nəqliyyat vasitəsinin sahibinə yeni nömrə verilir. İlk növbədə dövlət qeydiyyat nişanının sahibi, yaxud sərəncam vermək hüququna malik olan digər şəxs bununla bağlı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına arayışını təqdim edir. Polis orqanlarına məlumat verdikdən sonra sürücü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edir və bundan sonra nəqliyyat vasitəsinə tam yeni kombinasiya ilə dövlət nömrə nişanı verilir. Lakin bu nəticə sürücülərin haqlı narazılığına səbəb olur. Təbii ki, istədikləri hərf və rəqəm kombinasiyası üçün yüksək məbləğdə dövlət rüsumu ödəyən sürücülər kifayət qədərdir. Lakin ödənişindən asılı olmayaraq verilən dövlət qeydiyyat nişanı itdiyi, yaxud oğurlandığı zaman surətiylə əvəzlənmir. Belə olduqda sürücü ikiqat maddi ziyana düşür. 

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bir neçə il öncə məsələylə bağlı mövzunu gündəmə gətirdiyini və qanunvericilikdə öz əksini tapdığı halda Baş Dövlət Yol Polisi İdarəsindən müsbət cavab veriləcəyini bildirib. “Təəssüf ki, hələlik bu məsələdə dəyişiklik yoxdur. Milli Məclisdə deputatlar tərəfindən qanunvericilik təşəbbüsüylə təkliflər irəli sürülmür. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmaq lazımdır. Hörmətli deputatlardan xahişim odur ki, bu mövzunu gündəmə gətirsinlər və ciddi əhəmiyyəti olmayan bu məsələyə görə insanların qarşılaşdıqları problemləri həll etsinlər. Yəni adi dəmir parçası olan lövhə itdiyi zaman onun əvəzinə digər bir lövhəni alıb yapışdırmaq heç bir problem yaratmır və yaratmamalıdır. Fikrimcə, oğurlanan, yaxud itirilən nömrələrlə bağlı vətəndaşları simvolik formada cərimələmək olar, yaxud da heç bir cərimə nəzərdə tutmadan vətəndaşın müraciəti əsasında yenidən rüsumları ödəyərək həmin nömrənin dublikatını əldə etməsi mümkün olsun. Artıq dünyanın bir çox ölkələrində bu prosedur qeyd etdiyim formada həyata keçirilir. Adi dəmir lövhəyə görə heç kim əziyyət çəkmir, nömrədən məhrum olmur. Hal-hazırda nömrələrin dövlət rüsumuyla 1000-3000 manata qədər qiyməti var. Hətta bazarda olduqca yüksək məbləğdə satılan dövlət qeydiyyat nişanları mövcuddur. 50 000 - 100 000 manat pul ödəyib nömrə alan insanlar var. Hər hansı mənasız, xoşagəlməz situasiya zamanı nömrə itirsə, yaxud oğurlanırsa sürücü o zaman neçə min manat ziyana düşür. Hansı ki, 100 000 manat müqabilində aldığı dəmir lövhəsini yenidən alıb yapışdıra bilmir. Qanunvericilikdə bu məsələ öz əksini tapmalıdır və sürücülər bu problemdən qurtulmalıdır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti üzrə hazırlanıb. 


