Sosial Özəl

“Dələduzlardan qorunmaq lazımdır” — Deputat zəkatın kartla köçürülməsindən DANIŞDI

“Dələduzlardan qorunmaq lazımdır” — Deputat zəkatın kartla köçürülməsindən DANIŞDI

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib ki, artıq fitrə zəkatını bank kartları ilə də çıxarmaq olar. O bildirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər: “Özü şəhərdə yaşayan, kömək etmək istədiyi kasıb ailə rayonda olan şəxslər orada yaşayan qohum-əqrəbasını, tanışını vəkil edə bilər. Yəni bank kartları vasitəsilə də fitrə zəkatını köçürmək mümkündür".

Texnologiyanın günbəgün inkişaf etməsi istər-istəməz həyatımıza, təhsilimizə, işimizə təsir edir. Artıq bu inkişafın dində vacib buyurulan əməllərin icrası şəklinə də təsir etdiyini görürük.

Millət vəkili Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında mövzuya münasibət bildirib. O diqqətə çatdırıb ki, insanlar Ramazan ayında fitrə zəkatını ehtiyacı olanlara verməyə çalışır:

“Bank kartı məsələsinə gəldikdə isə, bir şəxs həqiqətən də o fitrəyə layiqdirsə, əlbəttə bank kartı ilə zəkat köçürülə bilər. Məsələn, həmin şəxs hansısa rayonda yaşayır, özü gəlib əyani olaraq həmin zəkatı götürə bilmir. Bu zaman kartddan istifadə əlverişlidir. Lakin belə olduğu halda dələduzların qurbanına çevrilməmək üçün diqqətli olmaq lazımdır. Maksimum dərəcədə çalışmaq lazımdır ki, həmin məbləğ öz ünvanına çatsın. Müasir dövrdə kart imkanları var və bunu doğru şəkildə etdikdə zəkatı kartla göndərməkdə heç bir problem yoxdur. Yəni fitrə zəkatını ənənəvi formada qəbul etmək və ya bank kartlarına köçürməklə də çıxarmaq olar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova