Kriminal Özəl

Bakıda gənclər arasında pul borcu üstündə qanlı dava —TƏFƏRRÜAT

Bakıda gənclər arasında pul borcu üstündə qanlı dava —TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda 1995-ci il təvəllüdlü Sadiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Hüseyni bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sadiq 6 iyul 2023-cü ildə, saat 23 radələrində yaşadığı evdə olarkən aralarında olan borc məsələsinə aydınlıq gətirmək üçün əvvəlcədən xəbərdar etmədən onun evinə gəlmiş tanışı Hüseyn onu evin qarşısına çağırıb. Söhbət zamanı Hüseynə heç bir borcunun olmamasını bildirib.

Bu zaman Hüseyn razılaşmayaraq Sadiqin müəyyən məbləğdə borcunun olduğunu təkidlə israr edib, mübahisə yaradıb, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək yumruqla sinəsindən vurub. Belə olan halda Sadiq Hüseynin aqressiv hərəkətlərinə görə əsəbləşərək ondan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrindən vurub.

Hadisə yerinə gəlmiş şəxslərin köməkliyi ilə Hüseynə təxirəsalınmaz tibb yardım göstərilməsinin təmin edilməsi üçün onu xəstəxanaya yola salıblar. Sadiq isə könüllü olaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gələrək baş vermiş hadisə barədə məlumat verib.

Hadisəni törədən Sadiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Hüseyn ilə aralarında olan pul mübahisəsilə əlaqədar olaraq 6 iyul 2023-cü ildə, saat 23.30-da onun yaşadığı ünvana gəlib:

“Mən Hüseyni evə dəvət etdim. Lakin o, evə gəlməyərək mənim dalana çıxmağımı bildirdi. Mən də dalana çıxdım. Aramızda yaranmış mübahisə nəticəsində bir-birimizi vurduq. Hüseyin yerə yıxılıb durarkən əlində iti alət olduğunu gördüm. Həmin iti aləti onun əlindən almaq istəsəm də, buna nail ola bilmədim. Sonra biz aralandıq. Mən həyətə girdim. Sonra qonşular mənə xəbər verdilər ki, Hüseyn yaralanıb. Hüseynin yaralandığını bilən kimi onu öz sürdüyüm maşınla xəstəxanaya aparılmasını təşkil etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri günü polis bölməsinə gedərək hadisə barədə polisə məlumat verib, sonra onu Yasamal Rayon Polis İdarəsinə apararaq orada həbs ediblər.

İş üzrə zərərçəkmiş Hüseynin sözlərinə görə, Sadiqlə aralarında pulla əlaqədar narazılıqları olub: “Sadiqin mənə 1000 manat verəcəyi olub. Sadiq isə mənə borcu olmadığını bildirməsi ilə əlaqədar aramızda 3-4 gün telefon danışığı olduğuna baxmayaraq anamın xəstəliyi ilə bağlı pula təcili ehtiyacım olduğu üçün iyulun 6-da, saat 23.30-da Sadiqin yaşadığı ünvana getdim. Sadiq məni evə dəvət etdi. Mən isə evə getməyərək onun küçəyə çıxmasını bildirdim. Sadiq dalana gələrkən aramızda yaranmış münaqişə nəticəsində bir-birimizi vurduq. Sadiq məni itələdi, mən yerə yıxıldım. İşim ilə əlaqədar olaraq həmişə üstümdə bıçaq gəzdirirmişəm. Mən yıxılan zaman böyrümün sol tərəfində saxladığım bıçaq qarın nahiyəmi zədələdi və yerə düşdüm. Mən bıçağı götürüb cibimə qoymaq istədim. Bu zaman Sadiq biləyimdən tutdu, bıçağı əlimdən almaq istədi. Mən bıçağı Sadiqə vermədim. Bıçaqla ehtiyatsız davrandığımız üçün bıçaq bədənimin digər yerlərini də az da olsa zədələdi. Biz ayrıldıq, mən pilləkəndə oturanda sol böyrümdə istilik hiss etdim. Baxanda gördüm ki, qarın nahiyənmdə yara var. Mənim xəsarət aldığımı Sadiq bilən kimi öz maşını ilə qohumları tərəfindən xəstəxanaya aparılmağımın təşəbbüskarı olub. Həkim mənim əməliyyat olacağımı bildirdi və əməliyyat oldum. Əməliyyatdan ayıldıqdan sonra bildirdilər ki, Sadiqin atası bütün gecəni xəstəxanada keçirib, xəstəxanada yatdığım bütün müddətdə məni daim nəzarətdə saxlayıb, lazım olan dərmanları alaraq verib. Məni daim yeməklə, soklarla, zəruri geyim əşyaları ilə təmin edib. Həkimlərin və digər tibb işçilərinin qulluğumda durmaqları üçün əlindən gələni edib”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sadiqin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova