Gündəm Özəl

"Ümidsizlik, çarəsizlik... " — İmtahandan sonra şagirdlərə necə dəstək olaq?

Ümidsizlik, çarəsizlik...  — İmtahandan sonra şagirdlərə necə dəstək olaq?

Ötən günlərdə 3 mart buraxılış imtahanının nəticələri açıqlanıb. Bundan sonra Abşeron rayonunda 17 yaşlı gənc imtahandan az bal topladığı üçün evi tərk edib. İmtahanlardan sonra belə hallarla rastlaşmağımız artıq adi hala çevrilib. Çıxış yolu nədir? Məktəb psixoloqları və valideynlər imtahan məsələsində uşaqlarla necə davranmalıdırlar?

Demokrat.az-a açıqlamasında psixoloq Ayşən Bayramova deyib ki, şəxsin bilik və bacarıqlarını müxtəlif üsullarla qiymətləndirən imtahanlar abituriyentlərin gələcək həyatında mühüm rol oynayan faktor kimi dəyərləndirilir.

Onun sözlərinə görə təşviş, diqqət dağınıqlığı, məlumatı xatırlama və sistemləşdirmədə çətinlik, dərslərdən yorulmaq səbəbi ilə imtahanlarda aşağı nəticə də əldə edilə bilər:

Ümidsizlik, çarəsizlik...  — İmtahandan sonra şagirdlərə necə dəstək olaq?

“Ümumiyyətlə imtahandan danışarkən imtahandan öncəsi, imtahan zamanı və imtahandan sonranı əhatə edən üç mərhələ diqqətə alınmalıdır. Təəssüf ki, imtahan öncəsi və imtahan zamanı abituriyentə valideynlər və yaxınlar tərəfindən diqqət göstərilsə də imtahandan sonrakı dövr gözardı edilir. Belə ki, hər kəs üçün uğurla nəticələnməyən imtahan prosesi ümidsizlik və çarəsizlik duyğuları, özünü günahlandırma, yetərsizlik düşüncələri ilə onsuz da stresli və ağır dövrdən keçmiş abituriyentin psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Özüylə bağlı davam edən xəyal qırıqlığı və “niyə daha yaxşısını edə bilmədim?” düşüncələriylə zehni məşğul olan abituriyent depressiv əhval-ruhiyyə, qəzəb yaşaya bilər”.

Psixoloq əlavə edib ki, imtahanı bilik və bacarıqların dəyərləndirilməsi kimi yox, şəxsiyyətin dəyərləndirilməsi kimi qəbul edən şəxs bacarıqsız olduğunu düşünüb nəticə ilə barışmaya bilər:

“Bütün bunların fonunda özügüvənin, özünü qiymətləndirmənin, özünə hörmətin aşağı düşməsi depressiv pozuntu yarada bilər. Bu çətin dövrdə yeniyetməyə sosial dəstəyin göstərilməsi şərtdir. Öz dəstəyini övladının uğuruna görə yox, var olduğu üçün sevildiyini hiss etdirən ailə bu dövrün öhdəsindən gəlməkdə abituriyentə kömək olacaq. Mütəxəssis dəstəyi ilə imtahana psixoloji hazırlıq isə xətalı düşüncələri sağlam düşüncələrlə əvəz etməyə yardım edəcək. Çünki imtahanın özü və nəticəsiylə bağlı həm abituriyentin həm də ailənin düşüncələri gerçəyə uyğun və sağlam olarsa, ortaya çıxan nəticə də müsbət olacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova