Gündəm Özəl

“Miqrantlara qarşı ayrıseçkilik Rusiya üçün ciddi problemə çevrilə bilər” — Politoloq

“Miqrantlara qarşı ayrıseçkilik Rusiya üçün ciddi problemə çevrilə bilər” — Politoloq

“Son terror aktından sonra Rusiyada xüsusən də Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı münasibət kəskin dəyişib. Ən çox da taciklərə və özbəklərə qarşı aqressiya nümayiş etdirilir, qanunsuzluqlar baş alıb gedir, digər ölkələrdən olan miqrantlar da bundan öz nəsibini alırlar”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib. Onun sözlərinə görə bu hal Rusiya üçün həmişə xarakterik olub:

“Qafqaz və Mərkəzi Asiya xalqlarının nümayəndələrinin hüquqları tanınmayıb, haqları tapdanıb. Məhkəmələr, hüquq-mühafizə orqanları onların şikayətlərinə baxmayıb, problemləri dinlənilməyib. Miqrasiya orqanlarında da onlara eyni xoşagəlməz münasibət sərgilənib. Azərbaycanlılara qarşı da vaxtaşırı neqativ münasibətin şahidi olmuşuq.

Tacik və özbəklərin müharibəyə göndərildikləri ilə bağlı xəbərlər yayılandan sonra xeyli miqrant Rusiyanı tərk edib öz ölkəsinə qayıtdı. Hadisələr təkrarlana bilər. Bunun fonunda azərbaycanlılara qarşı da ayrıseçkilik arta bilər, xüsusilə orada sənədsiz yaşayan həmvətənlərimizə qarşı. Bu yaxınlarda Peskov ölkədəki ermənilərə də xəbərdarlıq etdi. Ola bilsin ki, onlara qarşı da növbəti təzyiq dalğası başlasın. Bu hal bütün qafqazlıları gözləyə bilər”.

Ekspertin sözlərinə görə, miqrantlara qarşı ayrıseçkilik Rusiya hökuməti üçün ciddi problemə çevrilə bilər:

“Rusiyanın özünün də miqrantlara ehtiyacı var. Ölkədə əmək bazarı boşdur, işçi qüvvəsi azdır. Rusiya faktiki olaraq bazarı işçi qüvvəsi ilə təmin edə bilmir. Bu gün miqrantları incidib ölkədən köçməyə vadar etmək iqtisadiyyata mənfi təsir edəcək, xidmət sektoru axsayacaq. Əhalinin bir hissəsi onsuz da müharibəyə göndərilib, işçi qıtlığı yaşanır. Miqrantlar da olmasa, vəziyyət daha da pisləşəcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova