Aprelin 1-də “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada bir çox məsələlərə toxunuldu. Səhiyyə naziri Teymur Musayev qeyd etdi ki, Bakı şəhərində 2 böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır. Onun sözlərinə görə, xəstəxanalar istifadəyə verildikdən sonra ölkədə çarpayı fondu artacaq: "Bu, göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək". O da bildirildi ki, yaxın illərdə ölkədə psixiatrların sayı artırılmalıdır.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında qeyd edib ki, narkoloji dispanserlərin və stasionar yatış üçün yerlərin artırılması məqsədəuyğundur:
“Etiraf edək ki, bu gün bütün dünyada narkotikə qurşananların sayında artım dinamikası müşahidə olunur. Narkomanlara cəmiyyətdə xəstə kimi baxılmalıdır, nəinki cinayətkar kimi. Onların cəmiyyətə inteqrasiyası, sosial həyatdan təcrid olunmamaları istiqamətində siyasət yeridilməlidir. İnsanların münasibəti də bu istiqamətdə dəyişməlidir. Bununla bağlı ciddi təbliğat aparılmalıdır. Narkomanların reabilitasiyası ilə məşğul olan mərkəzlər açılmalıdır. Normal həyata geri qayıtmaq şansı olan insanlara maksimum yardım göstərilməlidir. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsulları daha da sərtləşdirilməlidir. Bütün bunlar cəmiyyətin sağlamlaşdırılması və narkomaniya kimi dəhşətli bəlanın cəmiyyətə yayılmaması üçün çox vacibdir. Bir tərəfdən profilaktik tədbirlər, digər tərəfdən narkotikə qurşanmış şəxslərin müalicəsi, onların reabilitasiyası mərhələli şəkildə həyata keçirilməlidir.
Hesab edirəm ki, istər psixiatrların, istər narkoloqların sayı ölkədəki xəstə sayına uyğun artırılmalıdır. Xəstələr effektiv yardımla təmin edilməlidir, onlara icbari tibbi yardım paketi üzrə həm də özəl sektorda yardım genişləndirilməlidir ki, müalicələri tam təmin edilmiş olsun”.
Törə Zeynallı Demokrat.az


