Son vaxtlar paytaxt Bakıda dilənçilərin, qaraçıların sayı artıb. Metro giriş-çıxışlarında, keçidlərdə özlərinə “məskən” salan bu şəxslər insanların mərhəmət duyğusundan istifadə edir. Sosial şəbəkələrdə qeyd olunur ki, onların bəziləri hətta vətəndaşlara qarşı soyğunçuluqdan, qadınlara hücum etməkdən də çəkinmirlər.
Məsələ ilə bağlı Demokrat.az-a danışan “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, bu şəxsləri idarə edən, bir yerə toplayan və sonradan “məntəqə-məntəqə” dislokasiya edən qrupların olduğu ehtimal edilir:

“Çox vaxt insanların, avtomobillərin sıx olduğu yerlərdə, metro giriş-çıxışlarında, keçidlərdə, işıqforların yanında, iri marketlərin ətrafında toplaşırlar. Sovet dövründə də, indi də qaraçılara, dilənçilərə qarşı bəzən sərt, bəzən mülayim davranış sərgilənir. Şəhərdə onların davranışını məhdudlaşdırmaq bir az çətindir, bu, insan hüquqlarına da bir qədər ziddir. Onlar bəzi qüvvələr tərəfindən istismar edilirlər. Burada insan alveri cinayətlərinin də əlamətləri ola bilər. Qaraçılar da bəzən vəziyyətdən istifadə edib talançılıqla da məşğul olurlar. Avtomobilləri qarət edirlər, mağazaların qarşısında dayanıb dilənirlər. Düzdür, cəmiyyət üçün bir o qədər də təhlükəli olmadıqlarına görə onlara qarşı münasibət də yumşaqdır. Amma araşdırmalar zamanı onların müvafiq dəstələr tərəfindən idarə olunması təsdiqlənərsə, bu, onların istismar edildiyi faktını ortaya çıxarır”.
Ekspert qeyd edib ki, Ramazan ayında paytaxtda qaraçıların sayı artıb:
“Bəzən bizə yaxınlaşan 11-12 yaşında uşaqlara, qucağında körpəsi ilə dilənən cavan qadınlara rəhmimiz gəlir və kömək edirik. Əgər onlara pul verməsək, özümüzdən uzaqlaşdırsaq, ikinci gün artıq bezəcəklər. Ramazan ayı boyunca müəyyən ərazilərdə qaraçıların, dilənçilərin sayında artım müşahidə olunur. Bilirlər ki, müqəddəs ayda insanlar daha mərhəmətli olmağa, başqalarına daha çox kömək etməyə çalışır. Amma unutmamalıyıq ki, sağlamlığı yol verən hər bir şəxs işləməlidir, onlar da bir peşəyə yiyələnə, ən azından mənzil-istismar idarələrində işləyə bilərlər. Onları ictimai münasibətlərə zidd olan əməllərdən çəkindirmək əvəzinə pul verməklə şirnikləndiririk. Hər şeyə hüquq-mühafizə orqanları, polis cavabdeh ola bilməz. Cəmiyyət də polisə dəstək olmalıdır”.
Törə Zeynallı Demokrat.az


