Gündəm Özəl

“Bu, arzuolunandır” — NATO Qarabağda minatəmizləmə işlərinə qatılır?

“Bu, arzuolunandır” — NATO Qarabağda minatəmizləmə işlərinə qatılır?

Xəbər verdiyimiz kimi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 18-də Bakıda rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə görüşdə kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhəddindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.

Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib ki, Stoltenberqin Azərbaycana səfəri mühüm əhəmiyyət daşısa da bu günə qədər minatəmizləmə fəaliyyətinə NATO tərəfindən heç bir dəstək verilməyib:

“Təbii ki, bu dəstək arzuolunandır. Lakin təcrübə onu göstərir ki, NATO indiyədək daim Azərbaycandan sıx və effektiv dəstək görüb. Buna baxmayaraq Qarabağ münaqişəsinin həllində, torpaqlarımızın işğaldan azad olunmasında, eyni zamanda ərazilərimizin bərpasında, əhalinin doğma yurdlarına qayıtmasında, hətta bu gün Ermənistanın 8 kəndimizi hələ də işğal altında saxlaması məsələsində bu təşkilatdan ciddi dəstək görməmişik. Ümumi sözlərlə real dəstək arasında böyük fərq var. Odur ki, yaxın perspektivdə NATO-nun Qarabağda minatəmizləmə işlərinə dəstək verəcəyini gözləmirəm. Çünki Baş katib özü də çıxışında bu problemlərə qəti toxunmadı, yalnız ümumi sözlərlə səfərin məqsədini ifadə etdi. Halbuki Azərbaycan NATO ölkələri üçün mühüm tərəfdaşdır və bu tərəfdaşlıq 30 ilə yaxındır ki, davam edir. Amma Azərbaycan hələki qarşı tərəfdən eyni davranışı görmür”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova