Gündəm Özəl

Zəngəzur dəhlizi ilə bağlı yeni TƏKLİF

Zəngəzur dəhlizi ilə bağlı yeni TƏKLİF

Milli Məclisdə Ermənistanla kommunikasiyaların açılması məsələsi müzakirə olunub. Deputat Zahid Oruc bildirib ki, Azərbaycan Ermənistana müraciət edərək Qərbi Zəngəzurda quru və dəmir yollarını çəkməyə hazır olduğunu bildirməlidir, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rüsum və ödənişlər müəyyən müddətə Azərbaycanın büdcəsinə ödənilsin. Onun fikrincə bu, diplomatik münasibətləri olmayan iki ölkə arasında ilk körpü ola bilər: "Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Halbuki, Azərbaycan Şərqi Zəngəzurda yolların tikintisini başa çatdırır", - deyə deputat qeyd edib.

Məsələyə münasibət bildirən politoloq Elşad Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:

Zəngəzur dəhlizi ilə bağlı yeni TƏKLİF

“Bu yolun açılması Türkiyə, Rusiya, Ermənistan üçün də son dərəcə vacibdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda da dəhlizin açılmalı olduğu qeyd edilib. Azərbaycanın ərazisindən keçən yol çəkilib qurtarmaq üzrədir. Ermənistan da yolun qalan hissəsinin çəkilməsinə razılığını bildirib və qeyd edib ki, yola nəzarəti özü təmin edəcək, hətta təhlükəsizlik orqanlarında bununla bağlı bölmənin yaradılması barədə Paşinyan qərar verdi. Yolun 43 km-ə yaxın hissəsi Ermənistan ərazisindən keçir, bu yolun tamamlanması üçün Dünya Bankı tərəfindən də kredit verilməsi nəzərə tutulub.

Zahid Orucun təklifi üzərində düşünülə bilər. Yolun qalan hissəsini Azərbaycan öz vəsaiti hesabına çəkib daha sonra Ermənistandan çəkilən məsrəfləri geri ala bilər. Ermənistan bəzi xarici qüvvələrin təsiri ilə yolun çəkilməsini uzadır, ancaq hesab edirəm ki, məsələ yaxın zamanlarda həllini tapacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova