Milli Məclisin Səhiyyə komitəsində keçirilən iclasda dərmanların keyfiyyəti məsələsi müzakirə olunub. Komitə sədri Əhliman Əmiraslanov deyib ki, bu gün istər Azərbaycana idxal olunan, istərsə də ölkədə istehsal edilən dərmanların keyfiyyətinə nəzarət ciddi şəkildə artırılıb. O bildirib ki, bu da keyfiyyətsiz və vaxtı keçmiş dərmanların apteklərdə satılmasının qarşısını alacaq: “Keçən ilin iyun ayında qəbul olunan “Dərman vasitələri haqqında” qanunun icrası ilə artıq problemlərin çox hissəsi həllini tapıb. Təbii ki, problemlərin hamısını qısa müddətdə həll etmək mümkün deyil, lakin bu istiqamətdə müsbət dinamika hiss edirik. Əsasən, bölgələrdə vaxtı keçmiş dərman vasitələrinə rast gəlinir. İnanıram ki, yaxın gələcəkdə bu məsələlər də öz həllini tapacaq. Elektron reseptlə bağlı bölgələrdə əhalinin məlumatlılığı aşağı səviyyədədir. Bu məsələdə maarifləndirmə işlərini gücləndirmək lazımdır”, - deyə deputat əlavə edib.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında qeyd edib ki, dərmanlarla bağlı problemlər hələ də qalmaqdadır:
"Keyfiyyət standartlarına uyğun olmayan dərmanlar istehsal edilir. Bəziləri üçüncü ölkələrdən gətirilir, bəzilərinin heç mənşəyi bilinmir.
Dərman sahəsində Türkiyə kimi oturuşmuş dərman sənayesi ilə seçilən və bu sahədə uğurlara imza atan qardaşı ölkə ilə əməkdaşlıq etməli olduğumuzu hesab edirəm. Düşünürəm ki, həm Türkiyədən dərmanlar idxal edilə bilər, həm də əhalinin tələbatına uyğun dərmanların istehsalına başlanıla bilər. Həm iki istiqamətdə işlərin görülməsinə nail olmalıyıq".
Törə Zeynallı Demokrat.az


