Siyasət Özəl

Deputat: “Sülhün bərqərar olması üçün mina problemi həllini tapmalıdır"

Deputat: “Sülhün bərqərar olması üçün mina problemi həllini tapmalıdır

Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın mina problemindən danışılıb. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində terrorizm qurbanları mövzusunda keçirilən tədbirdə Azərbaycanın üzləşdiyi mina problemlərini diqqətə çatdırıb. O qeyd edib ki, Ermənistanın mina terroru nəticəsində ətraf mühitə ziyan dəyib, mülki şəxslər mina qurbanı olub. A.Abbasov mina xəritələrinin Azərbaycana təqdim olunması üçün Ermənistana çağırış edib.

Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında deyib ki, 44 günlük müharibədəki qələbədən sonra əsas məqsəd azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı təmin etməkdir.

O qeyd edib ki, qəbul olunmuş Dövlət Proqramına uyğun olaraq vaxtilə yurdlarından didərgin düşmüş vətəndaşların Qarabağa qayıdışı və bunun qarşısını kəsən problemlərin həlli mühüm əhəmiyyət kəsb edir:

“Ən ciddi problem məhz mina terrorudur. Böyük infrastruktur layihələrinin icrası, kommunal xətlərin çəkilməsi və digər quruculuq işlərinin sürətləndirilməsinə basdırılmış minalar maneə törədir. Məsələnin həlli üçün Azərbaycan dəfələrlə Ermənistana çağırışlar etdi, bəyanatlar yaydı, lakin təqdim olunan xəritələr natamam və qeyri-dəqiqdir. Təəssüflər olsun ki, bu məsələdə beynəlxalq qurumlar susur. Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərə milyon yarımdan çox mina yerləşdirib. 2020-ci il 10 noyabr tarixindən bu günədək mina terroru nəticəsində 300 nəfərdən artıq şəxs zərər çəkib. Onlardan 48-i mülki, 13 nəfəri hərbçi olmaqla 61 nəfər həlak olub”.

Deputat bildirib ki, Azərbaycan öz gücü hesabına ərazilərini mina və partlamamış qurğulardan təmizləyir:

“Mina problemi 97 min hektardan böyük ərazini əhatə edir. Artıq dəfələrlə BMT səviyyəsində bu məsələ qaldırılıb. Söhbət insan haqlarından gedirsə, beynəlxalq təşkilatlar bu problemin həllində maraqlı olmalıdır. Dövlət başçısının çağırışı və təkliflərinə uyğun olaraq mina problemləri ilə məşğul olan beynəlxalq təşkilatların öz maliyyəsi ilə ərazinin təmizlənməsi və qarşılıqlı yardım üçün hər hansı bir şərt irəli sürməsi də qeyd olunub. Buna baxmayaraq bu gün Azərbaycan dövləti öz maliyyə imkanları hesabına mina probleminin həllinə çalışır. Ərazilər minalardan nə qədər tez təmizlənsə, sülhün bərqərar olması da bir o qədər yaxınlaşar. Bu istiqamətdə beynəlxalq təşkilatlar səylərini artırmalıdır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az