Qohum evlilikləri üçün genetik test yönləndirmə mərkəzlərinin yaradılması təklif olunub. Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxışı zamanı bildirib ki, genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir: “İnsanlar genetik testin nəticələrinin məxfi və etik olduğuna əmin olmalıdırlar”. Deputat həmçinin qeyd edib ki, qohum evlilikləri və onun fəsadları haqqında geniş dini müzakirələr aparılmalıdır: "Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilməsi məlum durumu yaradıb. İndi baxışlar dəyişməlidir".
İlahiyyatçı Tural İrfanın məsələyə yanaşmasını öyrəndik. O, Demokrat.az-a açıqlamasında qeyd etdi ki, qadağa ailə institutunu sarsıda bilər: 
Ekspertin sözlərinə görə, İslam dinində göylərdə nikah kəsilməsi deyə bir inanc, etiqad, yaxud, adət yoxdur:
“Bu, din yox, xurafat ola bilər, onu da din adına yazmaq olmaz. Qeyd edilən ikinci dərəcəli qohumlar arasında evlilik icazəlidir. Bunu din də, qanun da qadağan etmir. Ancaq bəzən həkimlər bunun fəsadlarından danışırlar.
Peyğəmbər qızı Fatiməni əmisioğlu Əliyə verdi və bu evlilikdən bəşəriyyətin ən nümunəvi insanları – İmamlar törədilər. Yəni, bu məsələni çox da şişirtmək lazım deyil. Əsas olan zərərli qidalardır – insanları məhv edir. Yaxşı olar ki, qohum evliliyindən əvvəl içdiyimiz suyun tərkibində neçə faiz çirk, mikrob, zəhər var onu araşdırsınlar. Sanki bütün problemlər qurtarıb iki əmiqızı, bibioğlu evlənəcək, onların arasında qaratikan kolu kimi bitmək lazımdır...
Bu mövzuda geniş müzakirələrə lüzum var. Baxmaq lazımdır ki, bu evliliklər məcburi olursa, bəli, buna qarşı çıxmaq olar, yox, sevirlərsə, əsla bunun qarşısını almaq olmaz”.
Törə Zeynallı Demokrat.az


