Gündəm Özəl

"Kimlərdənsə istifadə olunur..."

Kimlərdənsə istifadə olunur...

Paytaxtın mərkəzi küçəsində (Bəşir Səfəroğlu) kitab rəfinə Ermənistan haqqında kitablar qoyulub. Bu barədə tarixçi alim Zaur Əliyev özünün sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, Ermənistanda insan haqları, azadlıq və s. mövzulardakı kitablarla bağlı görüntülər tiktok sosial şəbəkəsində paylaşılıb: “Bu kitabların ölkəmizə necə gəlməsini və o rəfə necə qoyulmasını, bunu edəni tapmaq üçün sadəcə ətrafdakı kameralara baxmaq lazımdır. Bunu edəni mütləq tapmaq lazımdır, ölkəmizə düşmən dövlətin kitablarını gətirən çox təhlükəli adamdır. Bəlkə də elə içimizdən olan xainlərdəndir”, - tarixçi yazıb.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, müharibə bitsə də, Ermənistan hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktına iki dəfə imza atsa da, Azərbaycana qarşı mina müharibəsi və informasiya savaşı hələ də davam edir:

"İnformasiya müharibəsinin də silahlı müharibədə olduğu kimi tankları, topları, PUA-ları var. Fərqində olmalıyıq ki, Ermənistan bizə qarşı müxtəlif istiqamətlərdə informasiya müharibəsi aparacaq. Bilməliyik ki, düşmən yatmayıb, fürsət axtarır.

Bakının mərkəzində Ermənistanla bağlı kitabların üzə çıxması ilə müşahidə edirik ki, Ermənistan demokratiya pərdəsi altında ölkədə baş verən hadisələri ört-basdır edir. İnformasiya savaşında kimlərdənsə istifadə olunur, öz içimizdə də dönüklər tapılır. Bu, qorxulu tendensiyadır. Müvafiq qurumlar hesab edirəm ki, bu istiqamətdə uğurlu işini bundan sonra da davam etdirəcək və cinayətkar qüvvələr aşkara çıxarılacaq. Düşmən həmişə zəif nöqtə axtarır zərbə endirmək üçün. "Kitab oyunu" da bu siyasətin tərkib hissəsidir".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova