Masallıda 16 yaşlı qızın 27 yaşlı kişiyə ərə verilməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb. Sözügedən görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yayımlanıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 16 yaşlı F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər.
Xüsusən də bölgələrdə bu problem daha çox yaşanır – ata həbsə düşür, ana da işləmir və ya vəfat edib, əri tərəfindən öldürülüb. Qohum-əqrəbanın ümidinə qalan uşaqlar isə istismar olunur, qızlar erkən nikahın qurbanına çevrilir. Belə vəziyyətdə aidiyyəti orqanların valideynsiz qalan uşaqlara laqeyd münasibəti onların gələcək taleyini təhlükəyə atır.
Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, bu hadisədə tək günahkar uşaqları himayə edən şəxs deyil:
“Elə ata-analar görürük ki, özləri də qızlarını erkən nikaha məcbur edirlər. Çünki yerli icraedici orqanlar ailələrlə heç bir halda maraqlanmır. Onlar xəbərdardır ki, ata həbsdədir, ana yoxdur, azyaşlılar yaşlı insanların himayəsindədir, amma uşaqların vəziyyəti ilə, ehtiyacları ilə, hansı şəraitdə yaşadıqları ilə maraqlanan yoxdur. Bəlkə uşaq nənə, babası tərəfindən işgəncəyə, istismara məruz qalır, bəlkə acdır, məktəbə getmir. Hər hansı icra orqanı bir dəfə belə evlərin qapısını döymür, nəzarət etmir, xəbər tutmur.
Ətrafdakı insanlar da laqeyddir. 14-15 yaşında qızın toyuna gedirlər, xonçasından şirni götürürlər, amma qızın əslində yetkinlik yaşına çatmadan nikaha məcbur edildiyinin fərqinə varmırlar, aidiyyəti qurumlara xəbər etmirlər. Beləliklə, azyaşlı qızların ərə verilməsi normal hal alır, bir ailə bunu edəndə, sabah qonşusu da ona baxıb həvəslənir. Əgər uşağın valideyni yoxdursa, o, digərlərinin himayəsindədirsə, əlaqədar orqanlar nəzarəti daha da gücləndirməlidir. Valideyni olmayan uşağa diqqət, nəzarət yoxdursa, əlbəttə, ətrafı onu köməksiz görüb, ailə qurmağa məcbur edəcək, qurban edəcək. Ona görə də mütləq qaydada nəzarət mexanizmi olmalıdır”.
Törə Zeynallı Demokrat.az


