Vətəndaşların bank kartlarından oğurluq halları adiləşib. Kiberdələduzlar bunu özləri üçün rahat gəlir mənbəyinə çeviriblər. Aydındır ki, bu məsələdə vətəndaşlar özləri də diqqətli olmalı, təhlükələrdən xəbərdar olmaq üçün maariflənməlidirlər. Bununla belə bankların məsuliyyət daşıdığı da birmənalıdır.
Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, bankların informasiya-təhlükəsizlik sistemi zəif olduğu üçün belə hallar baş verir:

İki il bundan öncə mənə “Premium Bank”ın müştərisi olan bir xanım müraciət etdi. İki ay ərzində kartından 10 min avroya yaxın pul oğurlanmışdı. Dələduzlar bunu gündəlik hissə-hissə etmişdilər. Xanım SMS bildiriş xidmətinə qoşulsa da ona heç bir bildiriş gəlməyib. Həmin bankı məhkəməyə verdik, amma məhkəmələr bu məsələyə etinasız yanaşdı. Vətəndaşın xeyrinə qərar verilmədi, pulu da özünə qaytarılmadı. Hətta məhkəmədə qeyd etdim ki, SMS bildiriş xidmətinə qoşulmamış olsa belə vətəndaş bu, bankı məsuliyyətdən azad etmir. Mərkəzi Bankın təlimatına görə banklar şübhəli əməliyyat görürsə, həmin kart üzərindən əməliyyatları dayandırılmalıdır. Necə ola bilər ki, iki ay ərzində hər gün hissə-hissə kartdan vəsait çəkilir, amma bank bundan şübhələnmir?! Bütün banklarda belə problemlər yaşanmır amma vətəndaşlar bank seçərkən çox diqqətli olmalıdırlar.”
Törə Zeynallı Demokrat.az


