Sənaye və energetika

İlham Əliyevin BEM sahəsində strategiyası Azərbaycanın iqlim siyasətində yeni üfüqdür

İlham Əliyevin BEM sahəsində strategiyası Azərbaycanın iqlim siyasətində yeni üfüqdür

Azərbaycanın neft-qaz sahəsindəki uğuru enerji daşıyıcılarının ixracı ilə məşğul olan istənilən ölkə üçün nümunə ola bilər. Azərbaycanı fərqləndirən regionda ekoloji cəhətdən təmiz enerjinin təşviqinə yönəlmiş təşəbbüslərdə aktiv iştirakıdır. Özünü ənənəvi enerji resurslarının etibarlı tədarükçüsü kimi təsdiqləmiş Azərbaycan yerində dayanmır. Ölkənin ekoloji cəhətdən təmiz enerjinin ixracı üzrə iddialı məqsədləri sürət qazanaraq, real layihələrə çevrilir.

Bərpa olunan enerji mənbələrindən (BEM) elektrik enerjisinin istehsalının başlanması Azərbaycanın enerji strategiyasında yeni dövrün başladığını bildirir. Prezident İlham Əliyev elektrik enerjisi istehsalı üzrə ümumi imkanlarda BEM-in payını 2030-cu ilədək 30 faizə çatdırmaq məqsədilə BEM-dən istifadənin genişlənməsini birinci dərəcəli vəzifələrdən biri olaraq müəyyənləşdirib.

2024-cü ilin yanvar ayında Azərbaycan BEM-dən elektrik enerjisi istehsalını əhəmiyyətli dərəcədə artırıb. BEM-in, o cümlədən, su elektrik stansiyalarının ümumi istehsal həcmi, 172,3 milyon kilovatt-saata çatıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 77,2 milyon kilovatt-saat çoxdur. Bu, yanvar ayında ölkədə istehsal olunan bütün elektrik enerjisinin təqribən 7 faizini təşkil edib. Bu həcmin 5,8 milyon kilovatt-saatı külək elektrik stansiyalarının, 18,2 milyon kilovatt-saatı isə günəş elektrik stansiyalarının payına düşüb.

Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, 2030-cu ilin sonunadək elektrik enerjisinin böyük hissəsi bərpa olunan enerji mənbələrinin hesabına istehsal ediləcək.

Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən, günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaq. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq.

Bütünlükdə Azərbaycanın bərpa olunan enerji potensialı sahildə külək enerjisi və günəş enerjisi üzrə 27 qiqavattı, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi üzrə isə 157 qiqavattı ötür. 2027-ci ilədək ölkə 3 qiqavatt külək və 1 qiqavatt günəş enerjisi istehsal etməyi planlaşdırır, üstəlik, bu enerjinin 80 faizinin ixraca göndərilməsi planlaşdırılır. 2037-ci ilədək əlavə imkanların ən azı 6 qiqavatt olacağı gözlənilir. Maraqlıdır ki, dünyanın ən böyük enerji şirkətlərindən biri artıq üzərinə Azərbaycanda "yaşıl" enerji layihələrinə 10 qiqavatt töhfə verməklə bağlı öhdəlik götürüb.

Azərbaycanın Energetika Nazirliyi milli strategiya çərçivəsində 2025-ci ilədək bərpa olunan enerji mənbələrinin perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi ilə məşğul olacaq. Buraya hidroenergetika, geotermal enerji, bioenerji, hidrogen texnologiyaları, eləcə də enerjinin saxlanılması və hidroakkumulyasiya ilə bağlı fəaliyyət daxildir.

Hazırda Azərbaycan "ACWA Power" şirkətinin dəstəyilə inşa edilmiş 240 meqavatt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyasının, "Masdar" şirkətinin əməkdaşlığı ilə qurulmuş 230 meqavatt gücündə "Qaradağ" günəş elektrik stansiyasının, bp ilə birgə layihə olan "Şəfəq" günəş elektrik stansiyasının, eləcə də "Xudafərin" və "Qız Qalası" hidroelektrik stansiyalarının köməyilə bərpa olunan enerji hasil edir.

"Masdar" şirkəti ilə "yaşıl" enerji sahəsində ümumi gücü 1000 meqavatt olan layihələrin icrasını nəzərdə tutan daha bir neçə saziş imzalanıb. Buraya Biləsuvarda 445 meqavatt gücündə günəş elektrik stansiyasının, Neftçalada 315 meqavatt gücündə günəş elektrik stansiyasının və Abşeron-Qaradağ rayonunda 240 meqavatt gücündə külək elektrik stansiyasının inşası daxildir.

Azərbaycan üç aparıcı enerji şirkəti ilə anlaşma memorandumları və müvafiq sazişlər imzalayıb. Ümumilikdə bu sazişlər sayəsində 25 qiqavatt bərpa olunan günəş və külək enerjisi hasil ediləcək ki, buraya, o cümlədən, həm quruda, həm də offşor layihələr daxildir. Beləliklə, "Masdar" 10 qiqavatt, "Fortescue" 12 qiqavatt, "ACWA Power" isə 2,5 qiqavatt enerjinin istehsalının təşkilini planlaşdırır.

2023-cü il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) 2024-cü ilin noyabr ayında COP29 konfransının Azərbaycanda keçirilməsinə dair yekdilliklə qərar qəbul edildi.

COP29-u xüsusi edən bu konfransı Şərqi Avropa ölkələri Qrupundan olan dövlətin təşkil etməsidir. Bütün böyük siyasi oyunçuların ev sahibi ölkə olaraq Azərbaycanın lehinə səs verməsi əsl tarixi hadisə oldu.

"Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələlik yoxdur", - deyə Prezident İlham Əliyev vurğulayıb.

2024-cü il Prezident İlham Əliyev tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu, o deməkdir ki, bütün qarşıdakı il bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni addımlar, təmiz enerjiyə keçid sahəsində böyük uğurlarla yadda qalacaq və Azərbaycan burada bu sahələrdəki böyük iştirakçılarla yanaşı duracaq.

Bu, o deməkdir ki, bu il bütünlüklə BEM sahəsində yeni başlanğıclar, enerji keçidi istiqamətində mühüm addımlar və Azərbaycanın bu sahədə aparıcı dövlətlərlə bir sıraya daxil olması ilə yadda qalacaq.

Azərbaycanın, əsasən, karbohidrogen istehsalına yönəldiyini əsas gətirərək, COP-un Bakıda keçirilməsinə qarşı çıxanlar da oldu. Lakin bu arqument, şübhəsiz, əsassızdır. Dünya hələ uzun illər neft və qazdan asılı olacaq. Lakin enerji keçidinin sürəti və effektivliyi həqiqətən həm böyük ölkələrin, həm də regional iştirakçıların atdığı kiçik addımlardan asılı olacaq.

Azərbaycan beynəlxalq investorların ekoloji cəhətdən "təmiz" gələcəyə imkan yaradan layihələrə investisiya yatırması üçün hər bir şəraiti yaradıb. COP29 Azərbaycanın yenidən bu sahədə öz perspektivlərini nümayiş etdirəcəyi platforma olacaq. Qarşı çıxanlara isə yalnız uğurlarımızı izləmək qalacaq.

Tərcümə: Rəna Əbdürəhmanova

D
demokrat.az