Sosial Özəl

"İndiki yeniyetmələrdə mərhəmət hissi azalıb" — Psixoloq

İndiki yeniyetmələrdə mərhəmət hissi azalıb — Psixoloq

Şüvəlanda məktəblilər arasında baş verən hadisə ilə bağlı yayılan video bir çox aspektdən müzakirələrə səbəb oldu. Görüntülərdən aydın olur ki, zorakılığa məruz qalan yeniyetmə etiraz etmir, özünə qarşı edilən hərəkətə heç bir şəkildə qarşı çıxmır. Ümumiyyətlə, bullinqə məruz qalan uşaqların çox vaxt səssiz qaldığını, bu barədə valideynlərinə bildirmədiklərini müşahidə edirik.

Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, zərərçəkən ona edilənlər qarşısında sakit dayanıb, bu, çox şeydən xəbər verir:

"Ailədə təzyiq olanda, uşağa söz haqqı verilməyəndə, onun fikri önəmsənilməyəndə uşaq kənarda da ona edilən hərəkətlər qarşısında səssiz qalır. Demirəm ki, həmin uşaq ailədə şiddət görür, sözlərimlə ailəni məyus etmək istəmirəm. Amma bəzən çalışırıq ki, övladımızı ağıllı, tərbiyəli böyüdək. Onun hər addımına nəzarət edirik. Belə olanda da uşaqda özünə güvən hissi azalır, o, nəyi seçməli olduğunu bilmir.

Uşaq özünə aid məsələlərdə söz haqqına sahib olmalıdır. Bəzən hər məsələdə onun əvəzinə qərar veririk. Uşağı robotlaşdırırıq. Belə olanda da o, şiddət, təhqir gördükdə susur. Çünki valideyn ona haqqını tələb etməyi öyrətməyib".

Ekspert bullinqə məruz qoyan yeniyetmələrin cəzalandırılmasının tərəfdarıdır:

"İndiki yeniyetmələrdə mərhəmət hissi azdır. Deyirlər zərərçəkən tərəf də digərini əvvəllər təhqir edib. Bu ola bilməz, bir psixoloq kimi bunu deyə bilərəm. Bəzən uşaqlar asosial olur, bunu önəmsəmirik, deyirik ki, qarabaqdı, sakitdi. Nəticədə də belə hallarla qarşılaşırıq".

Törə Zeynallı Demokrat.az

D
demokrat.az