Sosial Özəl

İlahiyyatçı: “Məgər toyda namaz qılmaq araq içməkdən də qəbahətlidir?!"

İlahiyyatçı: “Məgər toyda namaz qılmaq araq içməkdən də qəbahətlidir?!

Sosial şəbəkələrdə şadlıq sarayında toy vaxtı cəm şəkildə namaz qılındığını əks etdirən görüntülər yayılıb. Bəzi istifadəçilər bunu birmənalı qarşılamayıb, göstəriş məqsədli olduğunu qeyd ediblər.

Məsələyə ilahiyyatçı Tural İrfanın münasibətini öyrəndik.

O, Demokrat.az-a açıqlamasında bildirdi ki, toy məclisində namaz qılmaqda heç bir problem yoxdur:

"İstər fərdi, istərsə də cəm halda, əksinə, qonaqların səbəbkarların xoşbəxt olması üçün dua etməsi gözəldir, nəinki dinimizə zidd olan içki içib rok, caz musiqisi ilə əcaib rəqslər etmələri. Namaz vacibdir, vaxtı çatanda ötürməyə güzəşt yoxdur. Odur ki 10-15 dəqiqə namaz qılmaq üçün toya fasilə vermək olar. Sovet dövründən bizdə elə ənənənə formalaşıb ki, sanki toy ancaq araq içib əyri-üyrü rəqs etməkdən ibarətdir".

Ekspert qeyd edib ki, müsəlman ölkələrinin çoxunda bu ənənə var:

"Hətta, kəbini də toyda kəsirlər din xadimi dəvət edib. Onda gərək desinlər ki, imamın toyda nə işi var. Toy insanın xoşbəxtlik təməlidir. Çalışmaq lazımdır ki, bu bünövrə araq-çaxırla yox, Quran və namazla qoyulsun. Məgər toyda namaz qılmaq gəlinin, qonaqların açıq-saçıq geyinib, kişilərin araq içməsindən də qəbahətlidirmi?".

İlahiyyatçı vurğulayıb ki, dinimizi, etiqadımızı yaşatmalıyıq:

"Biz kommunist deyilik, komsomol toyu da etmirik. İstəyən namaz qılacaq, istəyən araq içəcək. Namaz vaxtı çatanda ibadət edənlər məscidəmi gedib namazlarını qılıb qayıtmalıdırlar? Buna pis baxanlar kəlimeyi-şəhadətini bilməyən adamlardır. Yaxşı olar ki, evlərinin qibləsini müəyyən edib belə işlərə sonra irad bildirsinlər. Adət-ənənəmiz, dinimiz var. Xarici təsirlərə uyub öz ruhumuzdan uzaq düşə bilmərik".

Törə Zeynallı Demokrat.az

D
demokrat.az