Vətəndaşların bank kartlarından oğurluq edilməsi halları davam edir. Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, kart hesablarından oğurluq halları müxtəlif boşluqlardan qaynaqlanır:
“Sonuncu dəfə bu məsələ gündəmə gələndə “Whatsapp+” tətbiqi vasitəsilə hücum edildiyi məlum oldu. Hər dəfə bu boşluqlar dəyişir, çünki kiberhücuma yol açan problem aşkar ediləndə o dərhal həllini tapır və kiberdələduzlar əməllərini davam etdirmək üçün yeni yollara əl atırlar. Buna görə də vətəndaşlar ümumi kibergigenika qaydalarına riayət etməlidirlər. Vətəndaşlar bilməlidirlər ki, VPN-dən istifadə edərkən bank tətbiqlərindən, “Whatsapp+” kimi etibarlı olmayan tətbiqlərdən istifadə etmək olmaz. İstifadə edilməyən tətbiqlərin də cihazda qalması kart hesablarından pul oğurluğuna yol aça bilər, belə tətbiqlərin silinməsi tövsiyə olunur. “Fişinq” hücumlarına qarşı diqqətli olmaq lazımdır, hər linkə keçid etmək olmaz”.
Törə Zeynallı Demokrat.az


