Gündəm Özəl

Deputat: “Azərbaycan və Türkiyənin məqsədi türk dünyasını böyük gücə çevirməkdir”

Deputat: “Azərbaycan və Türkiyənin məqsədi türk dünyasını böyük gücə çevirməkdir”

“Türkiyə Cümhuriyyəti Azərbaycan üçün sınanmış bir dövlətdir. Hər iki dövlət, xalq, ölkə lideri bir-birinə qardaş deyir. Dünya, o cümlədən Cənubi Qafqaz regionunda böyük dəyişikliklərdən sonra Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar İsgəndərov deyib. O qeyd edib ki, iki qardaş ölkə hər zaman bir-birinin yanındadır və bir-birinə dəstəyini əsirgəmir:

“1921-ci ildə Mustafa Kamal Atatürk Qars müqaviləsini imzalamaqla Azərbaycan torpağı olan Naxçıvanı birmənalı olaraq ermənilərə, ruslara vermədi və Azərbaycanın tərkibində qalmasına nail oldu. Bu müqavilənin çox böyük siyasi əhəmiyyəti var. 2021-ci ilin iyununda isə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında Şuşa bəyannaməsinin imzalanması həm 100 il əvvəlki Qars müqaviləsini yenidən gümdəmə gətirdi, həm də Qarabağın tarixi Azərbaycan torpağı olmasını bütün dünyaya bir daha bəyan etdi. Bununla Türkiyə Cümhuriyyəti dünyaya mesaj verdi ki, haqq-ədalət uğrunda mübarizəsində həmişə Azərbaycanın yanındadır. Dünyanın böyük, amma ədalətsiz dövlətləri, təşkilatları Azərbaycanın haqq işinə müdaxilə edə bilməzlər, əks halda qarşılarında Türkiyəni görəcəklər. Prezident seçildikdən sonra ilk rəsmi səfərlərin qarşılıqlı olması artıq ənənəyə çevrilib. Bu həm də dünyaya bir mesajdır – bir millət, iki dövlət. Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri onu göstərir ki, hər iki ölkə türk dünyasını gücləndirmək, birliyini möhkəmlətmək, qorumaq və onu böyük bir gücə çevirmək üçün çalışmaqdadır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova