Azərbaycanda intihar halları artıb. Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında bu barədə məlumat verib. Onun sözlərinə görə, ötən il ölkədə 620 intihar hadisəsi olub. Bunun 180-ı Bakıda, 440-ı isə digər rayon və şəhərlərdə qeydə alınıb: “2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.
Statistik məlumatlara görə 2022-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 609 intihar hadisəsi qeydə alınıb. 2021-ci ildə isə ölkədə 612 nəfər özünə qəsd edib. İntihar hadisələrindən 438-i kişi, 147-si isə qadın tərəfindən törədilib. İntihar edənlərin 313 nəfəri evli, 299 nəfəri isə subay olub. 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib. 2018-ci ildə bu rəqəm 521, 2017-ci ildə 498, 2016-cı ildə 507, 2015-ci ildə 499, 2014-cü ildə isə 490 nəfər təşkil edib.
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlar əsasında məlum olub ki, intiharın 800-ə yaxın səbəbi var.
“Hər bir intihar halı immonent xarakter daşıyır. Bəzi insanlar özlərini aktuallaşdırmaq istəyirlər, hətta ölümləri bahasına olsa belə. Ucuz şöhrət yolunda gündəm yaratmaq, yadda qalmaq istəyirlər. Bundan başqa sosial əlaqələrin qırılması, insanlar arasında bağların zəifləməsi də intihar hallarının artmasına yol açır. İnsanlar arasında ünsiyyət azalır, beləliklə onlar təkliyə qapılırlar. Labirintdən çıxış yolu tapa bilməyəndə də intihar çarə olaraq ağıla gəlir. Düşünürəm ki, intihar iradənin zəifliyidir. İradəsi zəif olanlar, çətin vəziyyətdən çıxmağı bacarmayanlar suisidə əl atmış olurlar. İntihar bir qədər psixoloji siraət gücü olan hadisədir. Hesablamalara görə bir intihar hadisəsi 200 potensial intiharı alovlandırır, yəni bir nəfər intihar etdikdə 200 nəfər də bu barədə düşünməyə başlayır. Dünyada elə bir insan yoxdur ki, ömründə ən az bir dəfə intihar etmək barədə düşünməsin”.
Ü.Şəfiyev Demokrat.az-a açıqlamasında ölkədə intihar hallarının artmasının səbəblərinə də toxunub:


“Azərbaycan cəmiyyəti sosial cəmiyyət olduğu üçün əvvəllər intihar halları bu dərəcədə deyildi. İndi isə kapitalist münasibətləri inkişaf etdikcə insanlar təkliyə çəkilir, münasibətlər davamlılığını itirir. İnsanlar bir-birilərinin problemlərinə, qayğılarına biganə yanaşır, çətinliklərini bölüşmürlər. Yaxşı olar ki, qaynar xətt olsun. İnsan depressiyaya düşəndə, intihar barədə fikirlərə qapılanda həmin ünvana müraciət etsin, ona psixoloji-mənəvi dəstək göstərilsin. Təcrübə göstərir ki, intihar yolunu seçən insan əslində son anda ölmək istəmir, xilas olunmaq istəyir.
Ölkədə intihar halları həm də ona görə artır ki, mətbuatda intihar hadisələri ilə bağlı xəbərlərə çox yer verilir, intihar edən şəxsin kimliyi ətraflı təsvir edilir, niyə, necə intihar etdiyi detallı qeyd olunur. İntihar etmək fikrində olan şəxslərə də bu məlumatlar təsir edir. İntihar hadisəsi haqqında təfsilati məlumat verilməməlidir”.
Ekspert bildirib ki, intihar haqqında daha çox qadınlar düşünsələr də, bunu gerçəkləşdirən kişilərin sayı üstünlük təşkil edir:
“Qadınlar intihardan bir növ şantaj aləti kimi istifadə edirlər, lakin kişilər bunu daha çox həyata keçirir və özünə qəsd edirlər. Qadınlara qarşı zorakılıq hallarından danışarkən kişiləri unuduruq. Bəlkə də qadınlar tərəfindən kişilərə emosional-psixoloji zorakılıq halları baş verir. Bunun fərqində olmalı və ailədaxili münaqişələrə birtərəfli yanaşmamalıyıq. Kişilər də çətin situasiyaya düşür, iradəsi zəif olur və nəticədə bu addımı atırlar. Qadın bu vəziyyətdə kişiyə dəstək olmalı, onu vəziyyətdən çıxarmalıdır”.
Törə Zeynallı Demokrat.az


