Növbədənkənar prezident seçkilərinin qalibi İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimi ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Prezidentin andiçmə mərasimindəki hərtərəfli çıxışı xalqın və dövlətin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içən Prezident İlham Əliyev qeyd etdi ki, ötən 20 ildə Azərbaycan xalqı çətinliklərlə üzləşsə də bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolunda uğurla addımlayıb. “Qurani-Şərif”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içən Prezident bu illər ərzində ona etimad edən, onu dəstəkləyən xalqına təşəkkür etdi: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.

Ölkə başçısı Milli Məclisdə qarşıda ölkənin inkişafı, xalqın rifahı naminə həllini gözləyən bir çox məsələlərə toxundu, hədəflərdən danışdı. Prezidentin çıxışı həm də bu günün və gələcəyin prioritet istiqamətlərini müəyyən etdi. Bu istiqamətlər dövlət məmurları, hökumət üzvləri qarşısında mühüm vəzifələr qoyur.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında qeyd edib ki, cənab Prezidentin andiçmə mərasimindəki çıxışı dərin məzmunlu konseptual bir çıxış idi:
“Burada bir neçə istiqamət xüsusi önəm daşıyır. Qarabağ məsələsi, təhlükəsizlik məsələsi, eyni zamanda, texnoloji yeniliklər və digər sahələri qeyd edə bilərik. Hesab edirəm ki, burada ən önəmli məsələlərdən biri də təhsil və tərbiyə ilə bağlıdır. Milli-mənəvi dəyərlərimizin qorunmasında həm məktəblərin, həm də ailələrin üzərinə böyük vəzifə düşür. Həmçinin, milli birliyimizi və kimliyimizi qorumaq ən ümdə vəzifələrimizdəndir. 
Andiçmə mərasimindəki nitqi vasitəsilə cənab Prezident bütün dövlət qurumlarına tapşırıqlarını verdi. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub və bu mərhələdə hər kəs öz üzərinə düşən vəzifəni böyük məsuliyyət və diqqətlə yerinə yetirməlidir. Bu gün görürük ki, ölkəyə gecə-gündüz çalışan, həm daxili, həm xarici siyasət həyata keçirən, həm cəbhədə döyüşən, həm də Qarabağda yenidənqurma işləri həyata keçirən bir Prezident rəhbərlik edir. Məmurlar da çalışmalıdırlar ki, Prezidentin tapşırıqlarına uyğun, başlatdığı missiyaya uyğun öz işlərini qursunlar və müasir tələblərə cavab verən addımlar atsınlar.
Çevik idarəetmə məsələsi gündəmdədir, vətəndaş-məmur münasibətləri ən yüksək səviyyədə olmalıdır. Yeni mərhələdə hər kəs çalışmalıdır ki, müəyyənləşdirilən siyasəti uğurla həyata keçirsin və bu prosesə öz töhfəsini versin. Əgər biz yeni dövrə qədəm qoymuşuqsa, bütün dövlət qurumları və məmurlar bu prosesə tam uyğunlaşmalıdırlar”.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə bildirib ki, cənab Prezidentin Milli Məclisdəki çıxışı fundamental xarakter daşıyır və ölkəmizin gələcək inkişafının istiqamətlərini müəyyən edir. O, Demokrat.az-a açıqlamasında deyib ki, yeni dövrün yeni çağırışları var və cənab Prezident bununla bağlı açıq mesajlar verdi:

Ə.Nuriyevin sözlərinə görə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında bərpa və quruculuq işlərinin sürətlə həyata keçirilməsi bu gün başlıca missiya rolunda çıxış edir:
“Bu həm də ölkənin gələcək inkişafını müəyyən edir. Qarabağda yeni infrastruktur qurulur, bərpa olunan enerji növlərindən istifadə imkanları yaradılır. “Böyük Qayıdış”a əngəl törədən mina probleminin həlli də bu gün əsas vəziflərimizdəndir.
Qarabağın bərpası həm də yeni nəqliyyat dəhlizlərinin açılmasına şərait yaradır. Prezidentin də qeyd etdiyi kimi Azərbaycan logistik mərkəzə çevrilməkdədir, nəqliyyat yollarının kimə məxsus olması gələcək inkişafın şərtlərindən biridir. Zəngəzur dəhlizinin açılması üçün aparılan danışıqlar, Orta Dəhlizin bir hissəsinin buradan keçməsi, Cənubi Qafqaz qaz dəhlizinin genişləndirilməsi, Mərkəzi Asiya ölkələri ilə əlaqələr Azərbaycanın logistik mərkəzə çevrilməsini yaxınlaşdırır”.
Müsahibimiz Cənab Prezidentin türk dövlətləri birliyinin inkişafını zəruri hesab etdiyinə də diqqət çəkdi:
“Türk dünyası bizim ailəmizdir və böyük strateji gücə malikdir. Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün Azərbaycan mühüm addımlar atır. Gördük ki, Avropa İttifaqı Türkiyəni qəbul etmir, bəzi beynəlxalq təşkilatlar var ki, bizi sıralarında gözləmir. Ona görə də türk dünyası olaraq öz təşkilatımızı gücləndirməli və bu çərçivədə münasibətlərimizi daha da möhkəmlətməliyik. Azərbaycan onun haqq mübarizəsini dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur və İslam dünyasının Qərbdən gələn təhdidlərdən qorunmasında rol oynayır. Bununla bütövlükdə İslam aləminə töhfə verir. Azərbaycan regional oyunçudan beynəlxalq aktora çevrilməkdədir. Qoşulmama Hərəkatına Azərbaycanın verdiyi töhfə də həm təşkilatın mövqeyini beynəlxalq müstəvidə gücləndirdi, həm də ölkəmizin məzlum ölkələrin müdafiəçisi olduğunu, onların haqqını qorumaq üçün əzmkarlıq nümayiş etdirdiyini bütün dünyaya bəyan etdi”.
Ə.Nuriyev sonda əlavə edib ki, Azərbaycana xaricdən müdaxilə davam edir, bu risklərin qarşısını almaq üçün ciddi tədbirlər görməliyik:
“Azərbaycançılıq məfkurəsi əlimizdəki ən güclü silahdır. Gəncliyimizə hücumlar var, gəncləri yad ideologiyalarla əhatə etmək istəyirlər. Yad ideologiyaların cəmiyyətdə ayaq açmaması üçün milli-mənəvi dəyərlərimizi, ailə institutunu qorumalıyıq. Xarici qüvvələr ölkədəki azsaylı xalqlar arasında milli zəmində qarşıdurmalar yaratmağa çalışır, amma bunun qarşısı xüsusi xidmət orqanları tərəfindən alınır. Milli kimliyimizi və birliyimizi qorumalıyıq ki, vahid Azərbaycan xalqının ənənələrini yaşadaq. 44 günlük müharibədə birliyimizi nümayiş etdirdiyimiz kimi gələcəkdə də birliyimizi möhkəmlətməli və yaşatmalıyıq”.
Törə Zeynallı Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırlanıb.


