Ailə üzvlərini amansızlıqla qətlə yetirən 25 yaşlı Əhmədin cinayətini gizlicə kameraya çəkib internet resurslarında yayımlayan qonşusu da müzakirələrdən kənar qalmadı. Bəlkə də həmin şəxs video çəkməyə ayırdığı zamanı kömək çağırmağa, polisə zəng etməyə sərf etsəydi, dəhşətli ailə cinayətinin qarşısını almaq mümkün olardı. Deyək ki, öz həyatını da itirməkdən qorxub, qatilin gözünə görünmək istəməyib, bəs hadisəni çəkib yaymaqda məqsədi nə olub?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında bu cür situasiyaların niyə baş verdiyinə aydınlıq gətirib:
“Hər hansı qətli gizli şəkildə izləyən şəxsin psixologiyasının normal olduğunu demək müzakirəyə səbəb olar. Amma bizim ona psixi pozğunluğu var deməyimiz də peşəkarca deyil. Şəxs sosial şəbəkələrin aurasındadır. İnsanı formalaşdıran mühitdir. Həmin şəxs də mühitə uyğun həmin anda qərar verib ki, qətli videoya çəksin və rəqəmsal dünyada paylaşsın.
Bu gün hər kəs rəqəmsal dünyada həyəcan yaratmaq və həyəcan axtarmaq istəyir. Bütün trendlər həyəcan üzərindədir. Bu o deməkdir ki, bəzi insanlar da həmin trendlər üzərində öz davranışlarını nizamlayırlar.
Təəssüf etsək də reallıq budur. Hadisələrə biganə qaldığımız müddətcə həmin hadisə bizim də qapımızı döyəcək. Bu gün kənardan müşahidə etdiyimiz cinayətlər əslində bizim ətrafımızda da var, heç nədən sığortalanmamışıq. Cəmiyyəti aydınlatmaq üçün, müsbətə doğru inkişaf etdirmək üçün psixoloji maarifləndirmə fəaliyyətlərini genişləndirmək lazımdır”.
Törə Zeynallı Demokrat.az


