Gündəm Özəl

Əhmədin ilk qurbanının ədalət axtaran ruhu

Əhmədin ilk qurbanının ədalət axtaran ruhu

Dünən istəmədən hamımız Əhməd adlı psixozla tanış olduq…

Təsəvvür edəndə adamın qanı donur bədənində. Dünəndən bəri qonşuya, qohuma, sifariş etdiyimiz taksinin sürücüsünə, marketdəki satıcıya- hər kəsə “qatil ola bilər” şübhəsiylə yanaşırıq. Bizi qatilə bu qədər yaxın edən, bir məktəbi idarə edən, orda oxuyan şagirdlərə faydalı vətəndaş, yaxşı insan olmağı aşılayan, öyrədən bir müəllimdir. Bizi qatillə üz-üzə qoyan, canımıza qorxu salan, bizi insanlığa şübhə etdirən getdiyi məclisdə hörmət sahibi, ad-san yiyəsi, ev-eşik, pul-var yiyəsi olan, yəqin, ömründə ən azı bircə dəfə “böyük danışanda kiçik susar” demiş olan böyük adamdır- atadır. Qınadığını yaşamadan ölməz adam. Mən bu fikirdən qorxuram: valideynləri qınamaq fikrim yoxdur! Amma tarixdə az rast gəlinən bu ailə faciəsinin mütləq bir istinad nöqtəsi, qaynağı, günahla qoyulmuş təməli olmalıdır axı.

Atanı baltalayıb, sakitləşməyib. Ananı öldürüb, doymayıb... 9 yaşlı qardaşı... Bacını, bacının 5 yaşlı uşağını... Elə bil qorxulu filmin ssenarisini oxuyuruq.

Amma bu ssenarini dəhşətli "filmə" çevirən özümüzük! - o qatili sağlam "hesab edən" həkimdir günahkar, ona avtobil həvalə edən aidiyyatı qurumdur qatilin öldürmək eşqini həvəsləndirən, dəliliyini pul ilə gizlətmək istəyən valideyndir qatil! Hər şeyi pulla alan valideyn, nə yazıq ki, övladına bircə qram ağıl ala bilmədi, öz qatilini özü yetişdirdi. Çox üzüldüm övlad sevgisini cəmiyyətin rifahı, təhlükəsizliyindən daha ümdə tutan ana və atanın ölümünə.

Hələ, heç nədən xəbəri olmadan amansızcasına öldürülən uşaqları düşünəndə az qalıram dəli olum. Heç nə əvəzsiz qalmır ax həyatda. Bəlkə də onları öldürən Əhmədin şüursuz idarə edilən, daha doğrusu idarə edilməyən, özündən qopub əzrayıla dönmüş əlləri deyilmiş. Bəlkə o ailəni eyni gündə dünyadan qoparan Əhmədin ilk qurbanın ədalət axtaran ruhu imiş?!

10 il öncə Pikə xanımla Mehman bəyin pullarının arasında itib-batan Əhmədin cinayəti dünən cəzasını aldı. 10 il sonra olsa belə, o pulların arasından “ədalət” işardı.

Ədalətin keşiyində dayanan ədalətsizlər… Biz-bu dəhşətdən canına qorxu düşən sadə insanlar, sosial problemlərimizin həllinə yönəltmişik bütün yaradıcı, fiziki, mənəvi gücümüzü. Bizə əlimizi həyatdan soyudan dəhşətlər yaşatmayın, rüşvətxor həmvətənlərimiz!

Rüşvəti yeyin e, amma elə yeyin ki, miqyası cəmiyyətin özü boyda olmasın. Qurunun oduna yaş da yanır axı. Elə yeyin ki, fəlakətin bir ucu da gəlib bizə çatmasın!

Səhvləri həyatları bahasına başa gələn mərhumlara Allah rəhmət eləsin.

Maya İmran Demokrat.az

D
demokrat.az