Yeni doğulan uşaqlara əcnəbi mənşəli adların verilməsi tendensiyası 2023-cü ildə daha da artıb. “Report”un xəbərinə görə övladlarına nadir və qeyri-adi adlar qoyan valideynlər də var. Artıq çoxları milli adlarımızı bəyənmir, müasir ad qoymaq istəyərkən avropa mənşəli adları seçirlər. Nədənsə Sofiya, Melisa, Adelina, Jasmin, Eleonora Təranədən, Cəmilədən, Məlahətdən, Sürəyyadan, Şəfiqədən doğma və diləyatımlı olub. Hələ uşağına Tarif, Əskinaz, Ərəbzəngi, Siratullox, Tovuz, Lənkəran, Zeytunə adlarını verənləri demirəm...
Sosioloq Elçin Bayramlının fikrincə, bu problem milli kimliyimizi itirməyimizə gətirib çıxara bilər. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, bu, son dövrlərdə müasirlik adı altında aparılan təbliğatın nəticəsidir:

“Artıq insanlarımızda, xüsusən də gənc nəsildə öz milli mədəniyyətinə nifrət yaranıb. Təkcə insan adları deyil, obyektlərin, kafe, restoran, otellərin adlarında da azərbaycanca sözlərə rast gəlmək olmur. Bir cəmiyyət öz milli dəyərlərinə, dilinə, mədəniyyətinə qarşı necə bu dərəcədə aqressiv ola bilər?! Son illərdə televiziya və internet vasitəsilə gənc nəsil bu ruhda yetişdirilir, psixotron terror qurbanı olurlar. Bunun nəticələrini də artıq aydın görməkdəyik. İnsanlar əcaib, milli dəyərlərimizə aidiyyəti olmayan, hətta pis məna verən adları qoyurlar uşaqlarına. Serialda, klipdə, kompüter oyunlarında görüb eşidirlər.
Gənclər arasında milli dəyərlərimiz, mədəniyyətimiz, tariximiz barədə sorğu aparsaq, görərik ki, əksəriyyətinin heç bu mövzularda anlayışı yoxdur. Nə xalq mahnılarımızı, nə kinolarımızı, nə əsərlərimizi bilirlər. 10 ildən sonra əslər boyu formalaşmış adət-ənənələrimizdən artıq əsər-əlamət qalmayacaq. Söhbət dəyərlərin məhv olmasından gedir, hansısa əcaib adların qoyulması deyil məsələ. Nəsillər arasında qırılma nöqtəsi yaşanır. Nənə ilə nəvə artıq bir-birini başa düşmür, davranışları, işlətdikləri sözlər belə fərqlidir. Bu məsələləri qaldıranda da deyirlər ki, dünya müasirləşir, mental dəyərlər lazımsızdır, hər şeyi lağa qoyurlar. Gözəl adlarımız var, məsələn, Sona – bu adı uşaqlarına qoymurlar, bəyənmirlər nədənsə. Bu insanlar öz milli köklərindən ayrılmış bir kütlədir. İnanmıram ki, cəmiyyəti bu problemlər maraqlandırsın”.
Törə Zeynallı Demokrat.az


