Kriminal Özəl

Evə sərxoş gələn oğul atasına xəsarət yetirdi — TƏFƏRRÜAT

Evə sərxoş gələn oğul atasına xəsarət yetirdi — TƏFƏRRÜAT

Masallı rayonunda 1977-ci il təvəllüdlü Elcan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Elnura (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elcan atası Elnur ilə onu spirtli içki qəbul etdiyi üçün evə buraxmaması səbəbindən şəxsi münasibətlər zamanı aralarında yaranmış mübahisə zamanı həmin evin dəmir qapısını sifət nahiyəsinə qəsdən vurub.

Hadisəni törədən Elcanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Elnura məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır: “Mən əvvəllər mebel təmiri ilə məşğul olmuşam, yaxşı qazanc əldə etmişəm. Lakin bir müddət sonra işləmədəyimdə spirtli içkiyə meyilli olduğumdan mütəmadi spirtli içki qəbul etmişəm. Bu səbəbdən ailə üzvlərim ilə aramda narazılıqlar yaranıb. Sonuncu dəfə hadisə günü, günorta saatlarında Masallı şəhər ərazisində olan kafedə spirtli içki araq qəbul etdim. Sonra spirtli içkinin təsiri altında evə gəldim. Həyətə daxil olmaq istədikdə həyət qapısının bağlı olduğunu gördüm. Bir neçə dəfə yumruqla dəmir qapını döyərək məni evə buraxılmağımı istədim. İçkili olduğumdan özümdə olmamışam. Dəmir qapını yumruğum ilə döyərkən qapı anidən açıldı. qapının əks tərəfindən olan atamın sifətinə dəydi. Lakin həmin vaxt atamın xəsarət aldığını bilməmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə olduğunu görüb və qonşularının evinə gedib: “Az keçmiş təcili yardım maşınının yaşadığım evə gəldiyini gördüm. Evə getmək istədikdə qonşuları məni buraxmadı. Gedəcəyim təqdirdə mübahisə baş verə biləcəyini mənə dedilər. Atamın ürək xəstəsi olduğundan ürək tutmasına görə təcili yardım maşının evə çağırıldığını düşündüm. Lakin atamın sifət nahiyyəsindən xəsarət aldığını bilməmişəm, nə də görməmişəm. Mən dəmir qapını qəsdən atama vurmamışam. İçkili olduğumdan həmin vaxt atamın qapı arxasında olacağını güman etməmişəm”.

İş üzrə zərərçəkmiş Elnurun sözlərinə görə, təqsirləndirilən Elcan spirtli içkiyə meyilli olduğundan mütəmadi spirtli içki qəbul edir: “Elcana spirtli içki qəbul etməməsindən ötrü bir neçə dəfə xəbərdarlıq etmişəm. Lakin, bir nəticəsi olmayıb. Sonuncu dəfə hadisə günü, saat 17 radələrində Elcan spirtli içkinin təsiri altında evə gəldi. Elcana spirtli içki qəbul etməsinə görə irad bildirdim. Bu zaman aramızda sözlə mübahisə oldu. Mübahisə zamanı Elcanı evdən qovdum. Elcanın evə geri qayıtmamasından ötrü fərdi yaşayış evinin həyətində girişdə olan iki laylı list dəmir konstruksiyadan ibarət qapını bağlayaraq evimə getdim. Təxminən 2 saatdan sonra evdən qapının bərk döyülməsi səsini eşitdim. Bu səbəbdən qapının yanına gəldim. Bu zaman qapını döyən şəxsin Elcan olmasını bildim. Elcana qapını açmayacağımı dedim. Elcan isə mənə qapını açmayacağım təqdirdə qapını mənə vuracağını, belə şeylərə məcbur etməməyimi dedi. Elcanın sözünə əhəmiyyət verməyərək, biraz da qapıya yaxınlaşdım və Elcana bir daha evə gəlməməsini dedim. Bu zaman Elcan qapını əliylə qəsdən itələyərək sifətimə vurdu. Həmin vaxt alnım və burnum qanadı”.

Zərərçəkmiş qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək oğlu Elcanın ona xəsarət yetirməsi barədə məlumat verib: “Orada olan arvadımın istifadəsində olan mobil telefon vasitəsi ilə 103 xidmətinə zəng etdim. 103 xidmətinin əməkdaşları təcili tibbi yardım avtomaşını ilə yaşadığım ünvana gəldilər. Mənim müalicə və müayinə olmaq üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına apardılar. Orada mənə tibbi yardım edildi. Mən də evə gəldim”.

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elcan 320 saat ictimai işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova