Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı apardığı monitorinq ilə bağlı mətbuat konfransı keçirib.
Oxu.Az-ın məlumatına görə, təşkilatın baş katibi Asəf Hacıyev bildirib ki, bu gün tarixi gündür:
“Seçki ilk dəfə bütün Azərbaycan ərazisində keçirilib”.
Brifinqdə yunanıstanlı deputat Konstantinos Vlasis bildirib ki, seçkidə mənfi hallarla rastlaşmayıblar:
“Mənim fikrimcə, 80 faizdən çox vətəndaş aktiv şəkildə seçkilərdə iştirak edib”.
Rumıniyalı deputat Daniel Konstantinın sözlərinə görə, iki gündür ki, Azərbaycandadırlar və seçki prosesini izləyiblər:
“Bu gün bir neçə seçki məntəqəsində olduq və seçicilərlə danışdıq. Seçkidə aktivlik müşahidə etdik”.
Bolqarıstanlı deputat Petar Kanev qeyd edib ki, bu gün keçirilən seçkidə fəallıq əvvəlki illərdən daha çox idi:
“Biz Avropa İttifaqı dövlətlərinin üzvləriyik və seçki prosesinə yüksək qiymət verəcəyik. Uğurlu seçkiyə görə Azərbaycan xalqını təbrik edirəm”.
Gürcüstanlı deputat Ramaz Nikolaşvili vurğulayıb ki, seçki şəffaf şəkildə keçirilib:
“Seçki yüksək səviyyədə təşkil edilib. İlkin rəy sorğularına görə mən Azərbaycan xalqını vəİlham Əliyevitəbrik edirəm. Mən onu regionun lideri olaraq görürəm. Mənim imkanım olsaydı, səsimi İlham Əliyevə verərdim”.


