“Ulu öndərin layiqli davamçısı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, mübariz oğullarımızın fədakarlığı sayəsində Zəfər qazandıq. Əvvəlki seçkilərdən fərqli olaraq bu il Xankəndi səs verir, Xocalı, Şuşa səs verir, Laçın, Ağdam səs verir, Qarabağ, qalib Azərbaycan səs verir. Torpaqlarımız hələ işğal altında olan illərdə Türkiyədə, Almatıda, Londonda, Almaniyada, Kanadada, Belçikada, Stokholmda olmuşdum və Qarabağın düşmən tapdağında olduğuna görə utanırdım. İndi isə başımız ucadır”.
Bunu Demokrat.az-a açıqlamasında Respublikanın Əməkdar artisti Ağalar Bayramov deyib . O qeyd edib ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev ata vəsiyyətini ləyəqətlə yerinə yetirdi:
“Allah xalqımızı var eləsin! Təbii ki, dırnaqarası radikal müxalifətçilər də olacaq. Yadıma gəlir ki,1992-ci ildə Milli Məclisdə kreslonun arxasında siqaret söndürürdülər, hərə bir tərəfdə idi, Şəki batalyonu, Lənkəran batolyonu, Bakı batalyonu... Bununla ordu qurmaq olmazdı. Ulu öndər xalqın təkidi ilə hakimiyyətə gəldi, dövləti yad ünsürlərdən təmizlədi və qonşularımızla balanslaşdırılmış siyasət qurdu. İlham Əliyev də ata vəsiyyətini ləqayətlə yerinə yetirdi. Görünən dağa nə bələdçi... Bundan gözəl nə ola bilər?! Buna sevinməmək nadanlıqdır, vətənə dodaq büzməkdir. 44 günlük müharibədə torpaqlarımızı azad etdik, amma tez baş qaldıranlar oldu ki, bəs Xocalı, Xankəndi?! Hər şeyin vaxtını bilən şəxs isə cənab Prezident idi. İndi həmin insanların nə sözü var?! Xankəndindəki fulbol matçını İlham Əliyev və xanımı canlı izləyərkən mən qanadlanıb uçurdum. Xankəndinə səfər edəndə inanmağım gəlmirdi ki, bu torpaqlara ayaq basıram”.
Tanınmış qiraətçi sosial şəbəkələrdə maraqla qarşılanan görüntülərinə də münasibət bildirib:
“Suraxanı rayonu 30 nömrəli seçki məntəqəsində səs verdim. Saat 10-nun yarısı getdim, iynə atsan, yerə düşməzdi. İzdihamı görəndə həddən artıq sevindim.
Vətənimi, dövlətimi, xalqımı təmənnasız sevirəm. 70 yaşım oldu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoruyam, Respublikanın Əməkdar artistiyəm, milyonlarla tamaşaçım var. Vətənin kədərinə - Xocalı faciəsinə, 20 Yanvara ailəmin müsibəti kimi hönkür-hönkür ağlamışam. Amma 30 ildən sonra əyilmiş vüqarımız dirçəldi, başımızdan düşmüş papağımızı təkrar başımıza qoyduq, dünya dövlətləri içində üzümüz ağ oldu. Məhz bu səbəbdən 7 fevral seçkiləri əhəmiyyətlidir, ona görə də sevincimdən qol qaldırıb süzürdüm. Həmin ali hisslər idi ki, bu gün seçki məntəqəsində sevincimin həddi-hüdudu yox idi”.
Törə Zeynallı Demokrat.az


