“200 ildir “mənəm-mənəm” deyən hökmdarlarımızın dövründə itirdiyimiz torpaqları İlham Əliyev geri qaytardı. Xalq bunu yaxşı bilir. İlham Əliyevin siyasi gedişləri, cəsarəti, hazırlığı, səbri, diplomatik savadı, xarici dil bilikləri – yəni, bu şəxsdə bütün lazımı keyfiyyətlər var. 18-19 yaşlı gənclərimizin 44 günlük müharibə vaxtı necə səfərbər olduqlarını gördük. Onlara gen yaddaşını qaytaran, onları ruhlandıran kim oldu? – Ölkənin birinci şəxsi. Xalqın inamı böyük qüvvədir”.
Bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib. O, seçkilərin gedişatı ilə bağlı təəssüratlarını da bölüşüb:
“Evimin yaxınlığında Mikayıl Müşfiq adına məktəbdəki seçki məntəqəsində səs verdim. Sağ olsunlar, diqqət göstərdilər. Bir aydır səs verə-verə gəlirəm, bir aydır çıxışlar edirəm. Gördüyüm iki məntəqədən danışım – o qədər insan var idi ki, növbə yaranmışdı. Çox obyektiv, çox nizamlı şəkildə səsvermə keçirilir”.
Tanınmış kinorejissorun fikrincə, bəzi dırnaqarası siyasətçilər ədəbsizliyi siyasətlə, dövlət məsələləri ilə səhv salıblar:
“Xalq bunu görür, ona görə də həmin şəxslərdən üz döndərir. Müxalifət iş yeri, zavod, fabrik deyil, müxalifət siyasi qurumdur, bir dəstə idelogiya sahibi yığılır, ictimai-siyasi birlik yaradır, fikir ortaya qoyur. İstər parlament, istər prezident seçkilərində əgər sən bir seçkini, ikincisini uduzursansa, demək sən siyasi lider kimi qəbul edilməmisən, dünya praktikası bunu deyir. 50 ildir deyirlər mən müxalifətəm. Yaxşı, bəs, sən 50 ildə kimə müxaliflik etmisən?! Dövlət öz işini görür.
Konstitusiyamıza əsasən ömürlük prezident seçilmir, prezidentin qanunla müəyyən edilmiş səlahiyyət müddəti var. Kim deyir ki, ömürlük prezident seçilsin onlar yaltaq insanlardır. Mən bu insanlardan fərqli olaraq deyirəm ki, bu gün, beş il, on il sonra prezident postunda İlham Əliyevə alternativ olacaq şəxs yoxdur, görmürəm”.
Törə Zeynallı Demokrat.az


