Nazirlər Kabineti "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı"nı təsdiq edib. Yeni qərar sənaye, kənd təsərrüfatı, informasiya və rabitə, turizm, tikinti, nəqliyyat və ticarət sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərini əhatə edir. Məqsəd mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılmasıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, prioritet istiqamətlərin müəyyənləşdirilməsi müsbət haldır, çünki bu sahələrdə fəaliyyət göstərən sahibkarların daha yaxından dəstəklənməsinə ehtiyac var:
“Qeyd edilən sektorlar həm idxaldan asılılığın aradan qaldırılması, həm də yerli istehsalın genişləndirilməsi baxımından mühümdür. Bu da nəticə etibarilə sahibkarlara dəstək göstərilməsini başlıca hədəfə çevirir. Sahibkarlar üçün vacib məqamlardan biri kredit resurslarına çıxış imkanlarının artırılmasıdır. Bu, sahibkarların öz fəaliyyətlərini genişləndirmələrinə, bununla da istehsalı artırmağa imkan verəcək. Güzəştli kreditlərin həcminin artırılmasına və sahibkarların aşağı faizli kredit imkanlarından istifadəsini genişəndirməyə ehtiyac var.
Xüsusən vergi sistemində güzəştlərin dairəsinin genişləndirilməsi və mikro sahibkarlıq üçün yeni güzəştlərin tətbiqi vacibdir. Çünki mikro sahibkarlıq həm bütövlükdə kiçik sahibkarlıqda xüsusi paya malikdir, həm də məşğulluğun təmin edilməsi, “nou-hau” və digər aspektlərdən də vacib hesab olunur. Bütün bunlar mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yarada bilər”.
Törə Zeynallı Demokrat.az


