Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilin birinci yarısında imzalana bilər. Demokrat.azTeleqraf.com-a istinadənxəbər verir ki, məsələ ilə bağlı ABŞ-nin “Fitch Group” şirkəti proqnoz verib. Şirkətin analitikləri hesab edirlər ki, sazişdə Zəngəzur dəhlizinə Azərbaycanın nəzarətini gücləndirəcək müddəaların yer alması ehtimalı yüksəkdir.
Amerikalı analitiklərin proqnozuna münasibət bildirən politoloq Natiq Miri Demokrat.az-a açıqlamasında deyib ki, artıq Avropa Birliyi və Avropa Yenidənqurma Bankı Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ölkələri, xüsusilə də Qazaxıstanla müəyyən saziş imzalayıb:
“İndiki qlobal qarşıdurmalar fonunda kommunikasiyalar sistemi kontekstində Orta Dəhlizin əhəmiyyəti artır. Çindən başlayan dəhliz Zəngəzur dəhlizi vasitəsilə Ermənistan üzərindən Avropaya çıxışı təmin edir. Azərbaycan və Rusiyanın şərtlərini qəbul etməyən, dəhlizini açılmasına mane olan tərəf Ermənistandır. Paralel olaraq düşünsək ki, Ermənistan artıq Avropa Birliyi və onun aparıcı dövlətlərinə inteqrasiya yönündə fəaliyyət göstərir, əsaslandırmaq olar ki, Avropa Birliyi Ermənistanı dəhlizi işə salmaq yönündə razı salmağa çalışır. Azərbaycanın Ermənistanın istəklərini tam qəbul etməsi və öz maraqları əleyhinə çıxış etməsini düşünmək real deyil. Çünki Azərbaycan qalib ölkədir və Orta Dəhlizin Gürcüstandan keçən hissəsi – Bakı-Qars-Tbilisi dəmiryolunun yükdaşıma səviyyəsi hər il artırılır. Orta Dəhlizin digər bir qolu İran ərazisindən Azərbaycanla Naxçıvanı birləşdirəcək dəmiryoludur. Artıq bu barədə saziş də var. Zəngəzur dəhlizi açılarsa, Çindən Avropaya qısa zaman ərzində və daha az vəsaitlə ticari yüklərin daşınması mümkün olacaq. Kommunikasiya sisteminin əhatə etdiyi hər bir ölkə də bundan qazanacaq”.
Ekspertin fikrincə, Azərbaycanın Zəngəzur dəhlizinə nəzarət etməsi məsələsi sual altındadır:
“Ermənistanın tələbi odur ki, dəhliz Ermənistan dövlətinin yurisdiksiyasında olduğu üçün ona nəzarət mexanizmi də Ermənistan dövlət strukturları tərəfindən həyata keçirilməlidir. Azərbaycan buna etirz etmir, amma qarşılıqlı olaraq başqa təklif də irəli sürür, yəni əgər kommunikasiya sistemi açılacaqsa, burada fərqli mexanizmlər işə salınmalıdır. Azərbaycan təklif edir ki, ölkənin digər bölgələrindən Naxçıvana yük daşındıqda və ya vətəndaşların keçidi təmin olunduqda, hər hansı rüsum ödənilmədən və yoxlanma aparılmadan kommunikasiya sistemindən istifadə olunsun. Bu, dəhlizə Azərbaycanın nəzarət edəcəyi mənasına gəlmir. Dəhlizin açılması ehtimalı yüksəkdir. Əks təqdirdə Ermənistan yenə blokada da qalmağa davam edəcək ki, bu da onun inkişafına imkan vermir. Azərbaycanın şərtləri qəbul olunduğu təqdirdə yenə də yurisdiksiya Ermənistana məxsus olacaq. Sadəcə olaraq dəhlizdən istifadə Azərbaycan üçün güzəştli olacaq. Lakin dəhlizə bütövlükdə Azərbaycanın nəzarət etməsi mümkünsüz görünür”.
Törə Zeynallı Demokrat.az


