Siyasət Özəl

“Roma Statusu” qüvvədədir: Rusiya-Ermənistan münasibətlərində nə gözlənilir?

“Roma Statusu” qüvvədədir: Rusiya-Ermənistan münasibətlərində nə gözlənilir?

“Ermənistan hökuməti “Roma Statusu”nu ratifikasiya etməmişdən əvvəl bununla bağlı müzakirələr aparılanda Rusiya ilə müəyyən gərginlik yaranmağa başladı. Ermənistan hakimiyyəti çalışırdı ki, məsələni Azərbaycanla əlaqələndirsin. Guya ki, Azərbaycan bu sənədi ratifikasiya etmədiyini görə Azərbaycanı beynəlxalq məhkəməyə vermək üçün əlində hüquqi alət olsun. Lakin hüquqi məsələlərdə manevr imkanları yoxdur. Bir halda ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidentinə cinayət açıb, onu beynəlxalq axtarışa verib, bu o deməkdir ki, əgər o, Ermənistana gələrsə, dərhal həbs olunmalıdır Ermənistan hakimiyyəti isə bunu əlbəttə ki, edə bilməz. Burada bir məqam da var ki, Putin heç Ermənistana səfər etməyəcək”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.

O qeyd edib ki, Rusiya iki ölkə arasındakı gərginlik fonunda hələ ki, diplomatik cavablar verir, iqtisadi və siyasi alətləri işə salmayıb:

“Bunun səbəblərini Ukrayna müharibəsinə bağlamaq olar. Və ya Rusiya arxayındır ki, Ermənistanın o dərəcədə gücü yoxdur ki, birbaşa Rusiyaya qarşı mövqe tutsun, onun orbitindən çıxsın. Ermənistanın sənədi ratifikasiya etməsinin nə dərəcədə Azərbaycanla bağlı olduğunu desələr də, istənilən halda bunun bir ucu Rusiyaya toxunur. Düzdür, Rusiya beynəlxalq hüquqdan irəli gələrək hər bir dövlətin bu qərarı vermək hüququnun olduğunu bildirir. Eyni zamanda mesaj verir ki, siz müttəfiq ölkəsiniz, illərdir Rusiya-Ermənistan əlaqələri davam edir, niyə bu addımı atırsınız.

Düşünürəm ki, hələ Rusiya-Ermənistan münasibətləri bu şəkildə davam edəcək. İki dövlət nə vaxt üz-üzə gələcək bunu zaman göstərəcək”.

Qeyd edək ki, Ermənistan rəsmi olaraq 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü oldu. "Roma Statusu" bu tarixdən ölkədə qüvvədədir. “Roma Statusu”na üzvlüklə bağlı sənədlər 2023-cü il oktyabrın 3-də Ermənistan parlamentində ratifikasiya olunub, 2023-cü ilin noyabr ayında Haaqaya göndərilib.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova