Gündəm Özəl

“Ginekoloq xofu”: “Ciddi patologiya ortaya çıxana qədər hamilə qadını həkimə getməyə qoymurlar...”

“Ginekoloq xofu”: “Ciddi patologiya ortaya çıxana qədər hamilə qadını həkimə getməyə qoymurlar...”

Doğum günlərində, bayramlarda bir-birimizi təbrik edərkən ilk növbədə can sağlığı arzulayırıq. Amma təəssüf ki, çox vaxt sağlamlığımızın qeydinə qalmırıq. Səhlənkarlıq edir, ildə bir dəfə həkim müayinəsindən keçməyi canımıza rəva bilmirik. Nəinki özümüzə, doğulacaq körpəmizə də...

Günün aktual problemlərindən biri də hamilə qadınların həkim müayinəsindən yayınmasıdır. Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də Səhiyyə Nazirliyi hamilələr üçün protokol qaydasında xüsusi müayinə və müalicə forması təyin etsə də, həkimlər dəfələrlə bu barədə maarifləndirici çağırışlar etsələr də bəzi insanların biganəliyi bəzən ağır sonluqla nəticələnir.

Həkim-ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında hamiləlik boyunca həkim nəzarətində olmağın vacib olduğunu deyib:

“Demək olar ki, hər həftə belə problemlərlə qarşılaşırıq. Əvvəla, onu bildirim ki, hamiləlik bəzi qadınlarda kliniki əlamətlərlə özünü büruzə verməyə bilər. İlkin olaraq qan analizlərində özünü göstərən bir sıra problemlər yarana bilir hamiləlik boyu. Və yaxud da artıq qadında bu problemlər olmuş ola bilər. Bunu vaxtında aşkar edib müalicəsini aparmaqla ana və dölün sağlamlığını təmin etmək həkimin vəzifəsidir. Ən azından buna görə həkim qəbulunda olmaq lazımdır. Bəzi insanlar var ki, vaxtında həkim qəbulunda olmurlar, problem kəskin forma alanda artıq xəstəxayana gedirlər. Artıq bunun daha böyük fəsadları ola bilir. Xəstənin ailəsi həkimlərlə dava edir ki, biz qadını sağ-salamat gətirdik, amma öldürdülər...”

T.Həsənova bildirib ki, hamilə qadınlar qadın məsləhətxanasında və ya poliklinikaların ginekologiya şöbəsində qeydiyyatda olmalı və doğuşa qədər ginekoloqun nəzarətində olmalıdırlar:

“Bəzən deyirlər ki, hamilə olanda heç bir həkimə getməmişəm. Yanlış hərəkətlərini yaxşı bir şey kimi ana olmağa hazırlaşan gənc xanımlara, qızlarına, gəlinlərinə sanki təbliğ edirlər. Ayda bir dəfə həkim müayinəsindən keçmək nədənsə gözə çox görünür. Qaynanalar ciddi patologiya ortaya çıxana qədər gəlinlərini həkimə getməyə qoymurlar, nə qədər izah etsək də xeyri olmur. Bu azmış kimi oğlunu – gələcək atanı da da eyni davranışı sərgiləməyə sövq edirlər. Oğul da düşünür ki, yəqin anam düz deyir, ayda bir dəfə həkimə getmək düzgün deyil”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova