“Azərbaycanda gənclərin onlar üçün yaradılmış imkanlardan istifadə edərək bütün sferalarda özlərini inkişaf etdirməsi üçün geniş imkanlar var. Ulu öndər Heydər Əliyevin zamanından ökədə gənclər hərəkatının içində olmuşam, elmi gəncliyin, gənc alimlərin formalaşdırılmasında birbaşa iştirak etmişəm. Xatırlayıram ki, ölkədə elmi gənclik məktəbinin formalaşması ilə bağlı təşəbbüslərlə çıxış edəndə gənclər üçün yaradılmış inkişaf mühitinə güvənirdik. Azərbaycanda gənclər siyasətinin təməli ulu öndər tərəfindən qoyulub. Ulu öndər bu barədə çıxış edərkən vurğulayırdı ki, Azərbaycan gəncləri vətənpərvər olmalıdırlar, intellektual cəhətdən zəngin olmalıdırlar. Heydər Əliyevin istəyi bu idi ki, gənclər Şekspiri ingilis, Puşkini rus, Nizamini Azərbaycan dilində oxuya bilsinlər”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib. O qeyd edib ki, bu gün Azərbaycanda ulu öndərin görmək istədiyi gənclik formalaşıb:
“Gənclərimiz vətənpərvərdirlər, dünya reallıqlarını təhlil edə bilirlər, onların səsi dünyanın nüfuzlu universitetlərindən, elm mərkəzlərindən gəlir. Milli ruhda, yurd sevgisi ilə, mənəvi dəyərlərimizə bağlı böyüdülən Azərbaycan gəncliyinin 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad edilməsində böyük payı oldu. Bu o gənclər idi ki, Qarabağda bir gün belə olmamışdılar”.
Ekspert bildirib ki, həyata keçirilən dövlət proqramları gənclərin hərətərəfli inkişafına xidmət edir:
“Regionlarda müasir tələblərə cavab verən idman kompleksləri tikilib istiifadəyə verilib, məktəb infrastrukturu yenidən qurulub. Cənab Prezident İlham Əliyev gənclərin xaricdə təhsili ilə bağlı iki mühüm dövlət proqramı təsdiqləyib, bu, milyonlarla vəsait deməkdir. Ölkə başçısı təməli ümummilli lider tərəfindən qoyulan gənclər siyasətinə töhfələr verməyə davam edir”.
İ.Orucov vurğulayıb ki, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində Azərbaycanda müsbət örnəklər var:
“Gənclərin öz potensiallarını reallaşdırması, əmək bazarında layiqli yer tutmaları üçün xeyli iş görülür. Dünyanın müxtəlif ölkələrindən olan gənclərlə təmasda olmuşam, gənclərlə bağlı fəaliyyət sahələrinə rəhbərlik edən insanlarla ünsiyyətim olub. Açığı, qeyd etməliyəm ki, Azərbaycanda gənclər üçün unikal imkanlar mövcuddur. Dövlət gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə qayğı göstərir. Məşğulluq problemi bütün dünya üçün aktualdır. Düşünürəm ki, aidiyyəti qurumlar gənclərin məşğulluq probleminin həlli üçün önəmli addımlar atır. Hesab edirəm ki, dövlətin imkanları artdıqca daha çox gənc əmək bazarında özünə yer tapa biləcək”.
Törə Zeynallı Demokrat.az


